"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".
XəzərXəbər xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".
Nazir bildirib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir. Quruma üzv olmayan valideynin övladının dərsə gəlməməsini deyən şəxslər qanunsuzluq edir".