Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.
XəzərXəbər xəbər verir ki, BP qrupunun baş icraçı direktoru Bernard Luni son görüşdən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısının təbrik etdi. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı əldə edilmiş birgə uğurlar münasibətilə Bernard Lunini təbrik etdi və bu layihənin Azərbaycanla BP şirkətinin birgə səyləri nəticəsində əldə oldunduğunu bir daha vurğuladı.
Bildirildi ki, BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR şirkəti ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Qeyd edildi ki, ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var.
Söhbət zamanı BP şirkətinin bərpa olunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edildi, bu sahədə BP ilə əməkdaşlığın genişlənməsi məsələlərinin nəzərdən keçirildiyi bildirildi. BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı planlarının əhəmiyyətinə toxunularaq bunun həmin ərazilərdə ölkəmizin bəyan etdiyi kimi, yaşıl enerji ərazisinə transformasiya etmək işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olundu. Qeyd edildi ki, bu işlər böyük potensiala malikdir, xüsusilə nəzərə alınsa ki, Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.
Bernard Luni xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın faydası naminə korbohidrogen ehtiyatlarının inkişafı ilə bağlı təşəbbüslərini xatırladaraq, hazırda Prezident İlham Əliyevin enerji keçidi məsələsi ilə bağlı baxışlarına görə təbriklərini çatdırdı.
BP qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində səylərini yüksək qiymətləndirərək ölkəmizin bu istiqamətdə dünyanın aparıcı dövlətləri sırasında olduğunu dedi və bildirdi ki, Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışdı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.