Azərbaycan Respublikasının Mərakeş Krallığında, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri Oktay Qurbanov etimadnaməsini bu ölkənin Prezidenti Maki Salla təqdim edib.
Səfir O.Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Maki Salla çatdırıb. Öz tərəfindən təşəkkürünü bildirən Seneqal Prezidenti onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Seneqal arasında dostluq münasibətlərinin mövcud olduğu, bu xüsusda iki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq aparıldığı qeyd edilib və birgə səylərlə ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə yüksələcəyinə ümid ifadə olunub. Səfir Seneqal Prezidentinə İƏT və Qoşulmama Hərəkatının beynəlxalq təşkilatlarının çərçivəsində iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa və Azərbaycanla bağlı qərarların qəbul edilməsində dəstəyinə görə təşəkkürünü bildirdi. 2019-2022-ci illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edəcəyini diqqətə çatdıran O.Qurbanov bunun, təşkilatda təmsil olunan Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə imkan yaradacağını qeyd edib.
Azərbaycan səfiri Seneqalın regional əməkdaşlıq, sülhün və təhlükəsizliyin təminatında konstruktiv rolunu qeyd edərək bildirib ki, iki dövlət arasında əlaqələrinin daha da inkişaf etdirilməsinə səylərini yönəldəcək. Seneqal Prezidenti Maki Sall səfiri bu təyinatla əlaqədar təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. M.Sall Azərbaycanın regional məsələlərdə gündən-günə artan rolunu xüsusi qeyd edib.
M.Sall Azərbaycanın son zamanlar böyük uğurlar əldə etdiyini, xüsusilə də tarixi Qələbədə ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
Seneqal Prezidenti Azərbaycanın dövlət başçısına və xalqına Zəfər Günü münasibətilə təbriklərini çatdırmağını xahiş edib.
Azərbaycan səfiri Oktay Qurbanov etimadnaməsinin surətini Seneqalın xarici işlər naziri Aissata Tall Salla təqdim edib. (AZƏRTAC)