Xəzər Xəbər

İƏT gəncləri “Zəfər” yarmarkasında olub

Gündəm | 17:59 • 9 Noyabr 2021
İƏT gəncləri “Zəfər” yarmarkasında olub

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda yaşayan və təhsil alan üzv dövlətlərin nümayəndələrinin “YAŞAT” Fondunun “Zəfər” yarmarkasına ziyarəti gerçəkləşib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, ziyarətin əsas məqsədi həmin xarici tələbələrə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin nəticələrini əyani şəkildə göstərmək, o cümlədən əldə edilən təəssüratların İƏT məkanında yayılmasına öz töhfəsini verməkdir.

On beş ölkənin gənclərinə məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “ASAN xidmət”in tabeliyində “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin məlumat verilib ki, “Zəfər” yarmarkası 29 oktyabr - 9 noyabr tarixini əhatə edir.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutan yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Xəbər lenti

Çox oxunanlar