"Zəfər müharibəsindəki Azərbaycanın möhtəşəm qələbəsi şəhidlərimizin və qazilərimizin hesabına əldə olundu".
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, müharibədən sonra Prezident İlham Əliyevin bütün dövlət qurumlarına əsas göstəriş və tapşırıqları şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğıların artırılması ilə bağlı oldu:
"Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi ilə Ordumuzun 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etməsindən bir il ötür. Müharibədən sonrakı 1 il ərzində 31 min şəhid ailəsi, müharibə iştirakçıları və əlillərinə xidmət göstərilib. Digər dövlət qurumları da 10 minlərlə müharibə iştirakçısı və şəhid ailələrinə dəstək olublar".
Nazir bildirib ki, ötən ilin son günlərində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin və müharibə iştirakçılarının müavinət və təqaüdlərinin ciddi şəkildə artırılmasına dair qərar verildi:
"Bununla da şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırıldı. Bundan başqa şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillərin və fərdi evlərin verilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanılıb. Təkcə bu il 3000 ailənin mənzil və fərdi yaşayış evləri ilə təmin edilməsinə qərar verilib. Bugünkü tədbirimizi də nəzərə alsaq, bu günə qədər 1700 ailəyə mənzil və fərdi yaşayış evləri təyin edilib. Bundan başqa əhalinin digər həssas kateqoriyadan olan hissəsini də nəzərə alsaq, bu günə qədər 2000 ailəyə fərdi yaşayış evləri və mənzillər verilib. Digər tərəfdən, Vətən müharibəsi iştirakçısı və əlillərinin avtomobillə təmin olunması üzrə proqram davam edir. Cari ildə 144 avtomobil Vətən müharibəsində əlil olan qazilərimizə verilib. Müharibə iştirakçılarına sosial psixoloji dəstəklərin göstərilməsi üçün isə ciddi işlər görülür"./report