Xəbər verdiyimiz ki, bu gün Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Bakıdakı tıxac məsələsinə diqqət çəkib. O bildirib ki, son dövrdə ən vacib məsələlərdən biri paytaxtın tıxac problemidir. Deputat qeyd edib ki, dünyada da tıxac problemi var, amma orda bu işlə məşğul olan bir qurum var, Azərbaycanda isə tıxac problemini üstünə götürmək istəyən qurum yoxdur. Onun sözlərinə görə, yol infrastrukturu bərbad vəziyyətdə olduğundan yolun tənzimlənməsində yol polisi də əziyyət çəkir.
Bəs görəsən, tıxac probleminin həlli üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı sualları Bakı şəhərı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov cavablandırıb. O bildirib ki, Bakı şəhərində yaranan süni sıxlığın yaranma səbəbi pik saatlarda sürücü valideynlərin məsuliyyətsizliyindən irəli gəlir:
“Sürücü valideynlər ictimai nəqliyyatdan istifadə edən vətəndaşları nəzərə almır və dayanma-durma, parklanma tələblərini dügün yerinə yetirmir. Bunun nəticəsində pik saatlrda paytaxtda süni sıxlıq yaranır. Nəticədə hər bir vətəndaş bu sıxlıq nəticəsində ləngiyir. Şənbə-bazar günü belə bir sıxlıq müşahidə edilmir. Diqqət etmisinizsə, hərəkət intensivliyinin gərginləşməsi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə daha sıx baş verir. Ölkəmizdə 1 milyon 400 min nəqliyyat vasitəsi var. 700 mindən artıq nəqliyyat vasitəsi Bakı şəhərində qeydiyyatdadır. Bütövlükdə ölkənin nəqliyyat vasitələrinin 72 faizi sırf Bakı şəhərində idarə edilir. Bundan başqa Bakıda 300-dən artıq işıqforla tənzimlənən yol birləşməsi, 700-dən artıq yol kəsişməsi, tunellər, körpülər və digər yol ötürücüləri hərəkətlə bağlı müxtəlif problemlərə gətirib çıxarır”.
V.Əsədov bildirib ki, belə bir vəziyyətdə pik saatlarda sıxlığın yaranması tamamilə təbiidir, bunu faciə kimi qiymətləndirmək olmaz: “İnkişaf etmiş ölkələrdə bu problemin yaşanmaması üçün mərtəbəli yollardan istifadə edilir. Səhər və axşam saatlarında Bakıya ən çox Sumqayıt, Mərdəkan, Şüvəlan, Buzovna, Ələt istiqamətindən hərəkət iştirakçılarının axını müşahidə edilir. Bu problemin həlli bizdən asılıdır. Sükan arxasında olanlar "Yol hərəkəti haqqında" qanunun tələblərini düzgün yerinə yetirməlidir ki, belə sıxlıq yaşanmasın. Biz bu reallığı qəbul etməliyik. Yol kəsişmələrinin sayı azalmalıdır ki, yaranan sıxlıq aradan qaldırılsın. Bəzi sürücülər tələsdiyinə görə yolun hərəkət istiqamətini tam tutur. Bu da digər sürücülərin hərəkətinə mane olur. Bunun qarşısını almaq və yol hərəkətində intizam tədbirləri görülməsi üçün elektron qərarlar qəbul edilib. Yol kəsişmələrində sarı rəngli zolaqlar yaradılıb. Bu zolaqlara daxil olub yolu kəsmək inzibati tənbeh tədbirinin görülməsidir. Həmin sürücünün cərimə olunması üçün elektron qərar qəbul edilib. İşqıforun qırmızı işığında hərəkət etmək cərimədir. Bütün bu inkişaf proseslərindən niyə danışmırıq? 20 dəqiqə ləngiməni faciə kimi qiymətləndirmək insafsızlıqdır. Bu problemi təkcə Dövlət Yol Polisinin üzərinə yıxmaq olmaz. Aidiyyatı qurumlar birgə tədbirlər görməlidir. Kompleks tədbirlərin görülməsi və sürücülərin öz vicdanı qarşısında hesabat verməsi bu məsələnin həlli deməkdir”./Redaktor.az