Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısındakı çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: “Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu”.