Xəzər Xəbər

İlham Əliyev: Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir

Gündəm | 12:12 • 10 Oktyabr 2021
İlham Əliyev: Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir

Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər.

XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə yekun çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir:

"Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir. Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər.

Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir versəniz görərsiniz ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi. Burada qeyd olundu, mən deyirdim ki, torpaqlar işğaldan azad olunacaq. Mən həm deyirdim, həm də inanırdım və bilirdim ki, bu, belə olacaq. Əlbəttə, biz istəyirdik ki, qan tökülməsin, torpaqlarımız sülh yolu ilə azad edilsin. Amma artıq səbir kasamız daşmışdı və məhz müharibəyə hərtərəfli hazırlıq görülmüşdü - həm iqtisadi sahədə, hərbi-quruculuq sahəsində, maddi-texniki təminat sahəsində və eyni zamanda, səhiyyə sahəsində. Ona görə məsələn, biz Füzuli rayonunda təmas xəttinə yaxın iki böyük tibb mərkəzi yaratdıq. Yevlaxda, ondan sonra Goranboyda, Ağdamda, Bərdədə böyük tibb mərkəzləri yaratdıq. Yaralanmış hərbçilərimizin orada müalicəsi hesab edirəm ki, onların bir çoxlarının həyatının xilas olunmasına səbəb olmuşdur. Ona görə həkimlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm, sizə də şəxsən. Müharibə başlanan kimi, siz könüllü olaraq döyüş bölgəsinə getdiniz. Doğrudan da Ağdam bölgəsi ən ağır bölgə idi və ora təmas xəttinə yaxın olduğu üçün ermənilər daim bizim kəndlərimizi atəşə tuturdular. Aprel döyüşlərində erməni silahlı qüvvələri ən çox Ağdamı atəşə tutmuşdular. Ən çox dağılan evlər də məhz Ağdamda idi".

Xəbər lenti

Çox oxunanlar