Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Əziz dostlar, bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.
Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Biz artıq Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Biz az itkilərlə qəsəbəni götürmək əzmində idik və buna da nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir.
Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı.
Birincisi ona görə ki, onlar hesab edirdilər, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. İkincisi ona görə ki, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi, rayon mərkəzi idi. Ermənistan rəhbərliyi və Ermənistan ictimaiyyəti gördü ki, bizim üçün bütün torpaqlar bizim torpaqdır - istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq. Ermənistan artıq kapitulyasiya aktına imza atmağa hazır olduqdan, bizə bu haqda məlumat daxil olduqdan sonra dedik ki, bəli, dayanırıq və dayandıq, qalan rayonları siyasi yollarla geri qaytardıq.
Ona görə Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi. Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir. Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular və bildiyiniz kimi, tərksilah edildilər, həbs olundular. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Yəni, onu demək istəyirəm ki, hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı.
Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir və vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək, - onları biz birləşdirdik, - Xocavənd rayonu yaradıldı. Onu da bildirməliyəm ki, keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.
Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Onların böyük bir fondu var, adı Hayastandır. Bilməyənlər üçün deyə bilərəm ki, Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar. Yəni, bu Hayastan fondu dediyim kimi, bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. İki yeni bina var. Biri separatçıların rəhbərlərinə məxsusdur, biri də xaricdə yaşayan başqa bir zəngin erməniyə. Özü də villalardır, öz şəxsi evləridir. Bir dənə də bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!
İndi burada əyləşənlərin bir neçəsi Tuğ kəndindəndir. Mən sizi Tuğ kəndinə də aparacağam, görərsiniz kəndi nə günə qoyublar. Mən orada olanda dəhşətə gəldim. Onlar Tuğda hər il müxtəlif festivallar təşkil edirdilər. Xaricdən qonaqlar cəlb olunurdu, gəlirdilər və belə bir videogörüntü yaradılırdı ki, sanki çox inkişaf etmiş yerdir. Dağılmış vəziyyətdədir, məktəb dağılıb, mədəniyyət evi dağılıb, binalar demək olar ki, hamısı köhnəlib. Yəni, bax, budur Ermənistan işğalının əsl siması.
Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq. Bir il bundan əvvəl Hadrutun azad olunması bir daha demək istəyirəm ki, tarixi hadisə sayıla bilər. Çünki bundan sonra biz artıq müxtəlif istiqamətlər üzrə Zəfər yürüşümüzü davam etdirdik. Bir istiqamət Füzuli istiqaməti idi. Hadrut azad olunandan heç 10 gün keçməmiş biz Füzulini azad etdik. Digər istiqamət Şuşa istiqaməti idi. Bax, o Zəfər yolu dediyimiz tarixi yol, o cümlədən Hadrut meşələrindən keçirdi. Beləliklə, Füzuli oktyabrın 17-də götürüləndən sonra Ermənistana daha çox zərbə oldu. Çünki artıq Cəbrayıl, Hadrut, Füzuli, yəni böyük yaşayış məntəqələri işğaldan azad edildi və müharibənin sonrakı gedişatını hər kəs bilir.
Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik.
Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi.
Biz həm tarixi ədaləti bərpa edirik, həm bizim dini-mənəvi dəyərlərimizə sədaqət göstəririk. Eyni zamanda, artıq yarımstansiya, yol əsas infrastruktur layihələrindən biridir və digər layihələr də icra ediləcək. Hadrutun tarixi hissəsi yenidən qurulacaq. Artıq binaların təmiri ilə bağlı ilkin görüntülər var və eyni zamanda, qəsəbədə müşahidə olunan bu səliqəsizlik adamı incidir. Qəsəbəni bu gündə təsəvvür etmək mümkün deyil. Ona görə biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik.
Qəsəbənin və Xocavənd rayonunun inkişafı ilə bağlı əsas istiqamət kənd təsərrüfatı olacaq - bitkiçilik, heyvandarlıq, üzümçülük. Burada üzümçülük ənənələri olubdur, üzüm üçün çox münbit şərait var. Kənd təsərrüfatı ilə bərabər, bura çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı çox genişdir. Bura təbiətcə çox zəngin məkandır, hər tərəf dağlar, meşələr, çaylar, cənnətə oxşayan bir yerdir. Tarixi abidələr, körpülər, eyni zamanda, məşhur Azıx mağarası, Tağlar mağarası - bunlar burada yerləşir. Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək.
Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək.
Mən sizi bu tarixi gün münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.
X X X
Milli Məclisin deputatı Elman Məmmədov dedi:
-Çox hörmətli cənab Prezidentimiz, Müzəffər, fateh Ali Baş Komandanımız, sərkərdəmiz.
Biz azad olunmuş Hadrutda Sizinlə keçirilən bu görüşə görə çox şadıq və Sizə minnətdarlığımızı bildiririk. Torpaqlarımızın işğaldan azad olunmasını Azərbaycan xalqı 29-30 ilə yaxın gözləyib. Ulu Öndərimiz hakimiyyətə gələnə qədər ölkədə mövcud olan özbaşınalıq, xaos, anarxiya bəzi siyasət dəllallarının öz şəxsi mənafeləri və bəzi xarici qüvvələrin mənafeləri naminə etdikləri xəyanətlər, alverlər – bütün bunlar torpaqlarımızın işğalına səbəb oldu. Ölkə acınacaqlı, fəlakətli günlər yaşayırdı. Xalqa xilaskar, ölkəni bu fəlakətlərdən, bu müsibətlərdən çıxarmağı bacaran lider lazım idi. Xalqın təkidi və xahişi ilə Ulu Öndərimiz hakimiyyətə gəldi. Gəldiyi ilk gündən bəyan etdi, qarşıya məqsəd qoydu: Torpaqlarımız işğaldan azad ediləcək. Bu istiqamətdə çox gərgin, çətin, fədakar işlər başlandı.
Siz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz ilk gündən bəyan etdiniz ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu məqsədə çatmaq üçün hədəflər müəyyənləşdi. Siz müəyyən etdiniz bunu və bu hədəflərə çatmaq üçün bütün istiqamətlərdə, bütün sahələrdə çox uğurlu, uzaqgörən, müdrik siyasət ortaya qoyuldu. Ölkəmiz inkişaf etməyə başladı, dövlət və dövlətçilik gücləndi. Ölkədə möhkəm daxili sabitlik yaradıldı, iqtisadiyyat şaxələndirildi. Güclü iqtisadiyyata söykənən ordumuz günbəgün inkişaf etdi, gücləndi. Ordunun döyüş qabiliyyəti, maddi-texniki bazası gücləndirildi.
Çox vacib bir məsələni qeyd etmək istəyirəm. Sizin prezidentliyiniz dövründə ölkədə mübariz, döyüşkən ruhlu, sədaqətli gənc nəsil yetişdirildi. Bu, çox vacib idi. Siz həmişə bunu qeyd edirsiniz. Bu qələbənin qazanılmasında həmin gənc nəslin çox böyük rolu oldu. Qələbə yürüşü üçün artıq zəmin yaranmışdı. 2016-cı ildə bunun bir mesajı verildi. Sonra Naxçıvan hadisələri oldu. Çox mühüm strateji yüksəkliklər ordumuz tərəfindən nəzarətə götürüldü. Bu da bir mesaj idi. Nəhayət 2020-ci il Tovuz hadisələri. Bunlar düşmənə yenə də ibrət olmadı, düşmən murdar niyyətindən əl çəkmədi.
Siz Birləşmiş Millətlər Təşkilatının konfransında çıxışınız zamanı xəbərdarlıq etdiniz ki, ermənilər yeni təcavüzə, yeni müharibəyə hazırlaşır. Bunun qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Ancaq etmədilər. Sizin haqlı ittihamlarınızı, çıxışınızı bütün xalqımız alqışladı. Nəhayət ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Sizin əmrinizlə əks-hücum əməliyyatına başladı. Sentyabrın 27-də qalibiyyət yürüşü başlandı. Sizin rəhbərliyinizlə, Sizin sərkərdəliyinizlə biz qalib gəldik. Siz həmişə qeyd edirsiniz ki, ən müasir silaha malik olsaq da son sözü, həlledici sözü Azərbaycan əsgəri deyir. Ancaq bir şeyi qeyd etmək istəyirəm, əsgərə cəsarətli, qətiyyətli, inamlı, müdrik sərkərdə lazımdır. O sərkərdəliyi Siz etdiniz. Sizin rəhbərliyinizlə Azərbaycan əsgəri qalib oldu, torpaqlarımız işğaldan azad olundu. Biz, Azərbaycan xalqı 30 ilə yaxın bir vaxtda bu qələbəni gözləyirdik. Sizin rəhbərliyinizlə xalqımız, millətimiz, dövlətimiz bu qələbəyə nail oldu. Qələbəmiz, suverenliyimiz, ərazi bütövlüyümüz Sizin rəhbərliyinizlə əbədi olacaqdır.
Eşq olsun Azərbaycan əsgərinə, eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına və yaşasın Azərbaycanımızın Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyev.
Eşq olsun Sizə.
Prezident İlham Əliyev: Çox sağ olun.
X X X
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tamella Kəngərlinskaya dedi:
- Bu gün çox tarixi və müqəddəs gündür. Biz doğma Xocavənddəyik. Mən çox yaxşı başa düşürəm ki, biz bu xoşbəxt anları yaşamaq üçün kimə borcluyuq. Öncə Sizə cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizin müdrik siyasətinizə, qəhrəman və güclü Ordumuza.
Xalqımız şəhidlər verdi. Biz onların qarşısında baş əyirik, Allah onlara rəhmət etsin.
Mən Cavad bəy Rzabəy oğlu Məlik-Yeqanovun nəvəsiyəm. Bu, çox qədim və tanınmış bir nəsildir. Mənim babam Cavad bəy Məlik-Yeqanov Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən biri idi, parlamentin üzvü idi, İstiqlal Bəyannaməsinə imza atan şəxslərdən biri idi. 1930-cu illərdə repressiya qurbanı oldu və sürgündə vəfat etdi. Babam haqqında çox danışmaq istəmirəm, çünki müxtəlif elmi məqalələr yazılıb, sənədli film çəkilib. Mən əsrlər boyu burada yaşayan əcdadlarımın torpağına ilk dəfə ayaq basıram və mənim yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. Bu 30 il ərzində Siz hər gün bu Qələbənin daşını qoyurdunuz, bu Qələbəyə doğru addım-addım irəliləyirdiniz. Sizin bu əsl vətəndaş fəaliyyətinizin uğuru musiqi ifaçılıq sənətində, ancaq dahilərə məxsus olan dörd vacib elementin inteqrasiyasını əks etdirir: güclü təfəkkür, dərin zəngin hisslər, polad iradə və mükəmməl texnika. Mənim fikrimcə, Siz öz siyasətinizdə bunların hamısına nail olmaqla, Azərbaycan xalqına Qələbə yaşatdınız və minnətdar xalq Sizin adınızı qızıl hərflərlə dünya tarixinə yazdı.
Bir daha Sizə minnətdaram. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
X X X
Avropa Azərbaycan məktəbinin direktoru Asif Cahangirov dedi:
- Möhtərəm cənab Prezident, ürəyim sözlə doludur. Bilmirəm, bütün fikirlərimi Sizə çatdıra biləcəyəm, ya yox. Bu xoşbəxtlik anlarını Siz bizə bəxş etdiniz, uzun illər həsrətlə yaşadığımız öz doğma torpaqlarımızı görə bildik, bu torpaqlarda addımlaya bildik. Bu, misilsiz bir xoşbəxtlikdir. Doğrusunu deyim, səmimi deyim, mən uzun illər həyatda məyus yaşayırdım. Düşünürdüm ki, bu günləri görməyəcəyəm. Bu anları ki, mən bu gün yaşayıram, Siz nəinki mənim, bütün yaşlı nəslimizin həyatını bir neçə il də uzatdınız. Çünki biz rahat nəfəs almağa başladıq. Biz həmişə başıaşağı idik ki, məğlub olmuş bir ölkəyik. Bu gün başımız ucadır, alnımız açıqdır. Bizim sifətimizdə daim təbəssüm var, sevinc var, daim xoşbəxtlik hisslərini yaşayırıq.
Əlbəttə, biz yaxşı anlayırıq ki, bunun hamısı çox böyük strateji istiqamətlərin hesabınadır. Onların həyata keçirilməsinin bəhrəsidir. Sözsüz ki, bu, bir möcüzədir, cənab Prezident. Çünki millətin özü birləşdi. Bizim əsgərlərimiz, bizim zabitlərimiz, - mən bizim əsgərlərlə görüşmüşəm, bu müharibə dövründə də ünsiyyətdə olmuşam, - bu, məəttəl qalası bir şücaət idi. Hamı Sizin adınızı çəkirdi, hamı ölümə hazır olduğunu bildirirdi. Anım Günündə televiziya ekranlarında o cavan oğlanların sifətlərini, onların portretlərini görəndə ürəyim qan ağlayırdı. Çünki 1999-cu il, 2000-ci il, 2001-ci il təvəllüdlü bizim o uşaqlar əsl şəhidlərdir. Çünki onlar şüurlu şəkildə ölümə getməyə hazır idilər - Vətən torpağı naminə, ölkəmiz naminə, millətimiz naminə. Bu milli birlik, bu vahidlik gətirib bizi Qələbəmizə çatdırdı. Sizin strateji yanaşmanız nəticəsində bu nailiyyəti, Qələbəni əldə etdik. Siz Ermənistanın qondarma tarixçilərinin yozmalarını çox düzgün qeyd etdiniz, bizim nəslimiz də Yelizavetpol quberniyasının Şuşa mahalının Tuğ kəndindəndir. Mənim atam, babam orada anadan olub. Mənim əcdadlarım həm Tuğda, həm də Qarabağ xanlığının Şuşa şəhərində dünyaya gəlmişlər və orada yaşamışlar. Bu Yelizavetpol quberniyasının mərkəzi də bizim doğma Gəncə şəhərimiz idi. O ermənilər ki, deyirlər, Azərbaycanın bu Qarabağ torpaqları ilə heç bir əlaqəsi olmayıb, elə bu kifayətdir ki, Rusiya çarı Yelizavetpol quberniyasının mərkəzi kimi, - Şuşa da, Zəngəzur da, Cəbrayıl da daxil idi ora, - Gəncə şəhərimizi seçmişdi. Deməli, bizim həm siyasi, həm iqtisadi, həm sosial, həm mədəni əlaqələrimiz - bu torpaq daim məhz Azərbaycanla bağlı olub.
Sizə çox minnətdaram. Siz hamıya sübut etdiniz, çox böyük, nəhəng siyasət yolu ilə sübut etdiniz ki, Qarabağ həqiqətən Azərbaycandır, Qarabağ Azərbaycan olub və həmişə də olacaq. Eşq olsun. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Əməkdar müəllim, Salakətin tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gültəkin Ağayeva dedi:
- Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, Qarabağımızın fatehi. Doğma xalqına bağlı, dövlətini sevən, ürəyi Vətən eşqi, vətənpərvərlik ruhu, azərbaycançılıq sevgisi ilə döyünən hər bir azərbaycanlının Prezidentiyəm deyən ölkə başçımız. Sizin Zəfəriniz Azərbaycan xalqına böyük sevinc hissi yaşatdı. Siz tarixi ədaləti bərpa etdiniz, Siz ata vəsiyyətini yerinə yetirdiniz. Bu Zəfər Sizin möhtəşəmliyiniz və eyni zamanda, apardığınız uğurlu siyasətin nəticəsidir. Bir ildir ki, Azərbaycan xalqı özünün ən xoş günlərini, ən xoşbəxt həyatını yaşayır. Otuz ilə yaxın Ermənistanın işğalı altında olan doğma torpaqlarımızda artıq Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Ordumuzun qeyrətli, vətənpərvər, qəhrəman oğulları, cəsur, cəngavər əsgərləri Ali Baş Komandanın - Sizin rəhbərliyinizlə illərdir həsrət qaldığımız bölgələrimizi, kəndlərimizi, qəsəbələrimizi, dağlarımızı, meşələrimizi, çöllərimizi öz canları, qanları bahasına azad etdilər. Dillərində Vətən kəlməsi, könüllərində Qarabağ ağrısı, Xocalı qisası ilə qəhrəmancasına vuruşdular və qəhrəmancasına şəhid oldular. Bu 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusundan öz layiqli cavabını alan Ermənistan “Dəmir yumruq” qarşısında nə qədər gücsüz olduğunu nəhayət ki, anladı, özünün acı məğlubiyyətini qəbul etdi.
Möhtərəm Prezident, biz bu Qələbəni təkcə döyüş meydanında deyil, eyni zamanda, informasiya savaşında da qazandıq. Sizin xarici jurnalistlərə, diplomatlara verdiyiniz müsahibələr, qərəzli suallara verdiyiniz tutarlı cavablar bizim hər birimizin həyatının bir anı, tarixə qızıl hərflərə yazılan bir uğur, bizim qürur mənbəyimizdir.
Cənab Prezident, bu tarixi görüş biz xocavəndlilərin həyatında ikinci dəfə yaşanır. Siz 2008-ci il oktyabrın 4-də Beyləqan ərazisində salınmış Xocavənd qəsəbəsinin açılışına gəlmişdiniz və orada məcburi köçkünlərlə görüşmüşdünüz. Mən onda da Sizin qarşınızda çıxış etdim. Çıxışımda dedim, cənab Prezident, biz ürəkdən inanırıq ki, Siz tezliklə o torpaqları azad edəcəksiniz və məcburi köçkünlər öz dədə-baba ocaqlarına, evlərinə qayıdacaqlar. Mən yeni qəsəbəyə görə Sizə təşəkkür edərkən, dediniz ki, bu qəsəbələr məcburi köçkünlərin rahat yaşaması üçün müvəqqəti qəsəbələrdir. Biz torpaqlarımızı mütləq azad edəcəyik və orada bundan da yaxşı, insanların yaşaması üçün bütün imkanlara malik olan evlər tikəcəyik, məktəblər və digər obyektlər tikəcəyik. Allahın bu gününə min şükür, biz arzumuza çatdıq. İşğaldan azad olunan o bölgələrimizdə bu gün aparılan nəhəng quruculuq işləri bizi sevindirir, dünyanı isə həm heyrətləndirir, həm də mat qoyur.
Cənab Prezident, mən istəyirəm ki, Siz biz xocavəndlilərin salamını Mehriban xanım Əliyevaya çatdırasınız. Çünki bizim birinci görüşümüzdə Mehriban Əliyeva bizimlə idi. Mən ona belə bir müraciət etdim ki, Mehriban xanım, Sizin Azərbaycanda gördüyünüz genişmiqyaslı, dəyərli işlərinizə görə bu ölkənin birinci xanımı kimi bütün birinci xanımların birincisisiniz. Bu gün sözümə əlavə edirəm, həm də ən qəhrəman qadınsınız, ən vətənpərvər qadınsınız. Siz məcburi köçkünlərlə görüşlərin birində dediniz ki, mənim məqsədim Qarabağın hər bölgəsində “Qarabağ” şikəstəsinin səslənməsidir. Çox şükür, Şuşada bu arzumuza çatdıq. Şuşada, Cıdır düzündə səslənən “Qarabağ” şikəstəsinin səsi nəinki Qarabağa, ətraf bölgələrə, bütün dünyaya da yayıldı.
Cənab Prezident, biz Sizinlə qürur duyuruq. Mən qürur duyuram ki, Sizin kimi Prezidentimiz var. Bir müəllim, bir ana kimi Vətənini, xalqını, Prezidentini ürəkdən sevən bir ziyalı kimi deyirəm: Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
X X X
Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahiyyə kafedrasının professoru Mübariz Əliyev dedi:
- Möhtərəm Prezident, Sizə, ilk növbədə, bizim doğulduğumuz diyara gəldiyinizə və daim buranı nəzarətdə saxladığınıza görə bütün kollektiv, bütün Xocavənd əhalisi adından öz dərin minnətdarlığımızı bildiririk. Bu torpaq bizim üçün əzizdir. Bir görün, necə gözəllik var.
Mənim xalam qızı, professor Tamilla xanım dedi ki, Cavad bəy Məlik-Yeqanovun qardaşının nəvəsidir. Siz bizim babalarımızın intiqamını aldınız. Tuğ bu Dizaq mahalının mədəni mərkəzi, paytaxtı olub. Hətta 1939-cu ilə qədər Dizaq rayonunun paytaxtı Tuğ və Hadrut olub.
Siz düz qeyd etdiniz, burada erməni yaşamayıb. Heç vaxt burada erməni olmayıb. Burada çar pristavı olub, o da Tuğda oturub. Burada sərhəd zastavası olub və sərhəd zastavasında rus imperiyası zamanı Arazın o tayından erməniləri gətirib yığıblar zastavanın ətrafına. Burada Azərbaycan kəndi olan Tuğun əleyhinə belə bir əyalət yaradıblar ki, ona rəqib olsun. Nəhayət Dizaq mahalının paytaxtı olan Tuğu 1939-cu ildə yıxıblar və Hadrut rayonunu - süni yaradılmış erməni məkanını paytaxt ediblər. Amma bu gün bu, erməni məkanı deyil, heç erməni məkanı da olmayıb. Bu, Azərbaycan-türk torpağıdır.
Mən orada anadan olmuşam, sonra Sumqayıtda, uzun illər Moskvada yaşamışam. Mən Moskvadan 1989-cu ildə elmlər namizədi kimi göndərişlə gələndə Tuğ kəndinə qeydiyyata düşmüşəm. Tuğ mənim üçün həmişə əziz olub. On bir türk-alban məbədi və ya kilsəmi deyək, amma türk məbədi olub. Bunların hamısını mən tanıyıram. O məbədləri bunlar tarixən erməniləşdiriblər. Mənim yadımdadır, atam tarix müəllimi idi və Tuğ kəndində dərs deyirdi. Anam da ədəbiyyat müəlliməsi idi, hətta bir müddət tədris-hissə müdiri də işləyib. Deyirdilər ki, ermənilər gecə ikən gəlirdilər, orada alban-türk xristian xaçlarını dəyişdirib erməni xaçları ilə əvəz edirdilər. Hətta iyrənc işlər görürdülər: basdırılan müqəddəs insanların qəbirlərini qazıb, onların alban xaçlarını çıxarıb, yerinə erməni xaçları qoyurdular. Biz onların gördüyü iyrənc işlərin hamısının şahidiyik.
Siz Tuğ adı çəkəndə biz özümüzdən asılı olmadan əl çaldıq. Tuğ doğrudan da bizim üçün çox əziz bir yerdir. Mən də bu döyüşlərdə iştirak etdim, həm Birinci Qarabağ müharibəsinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Mənim oğlum Tovuz hadisələri başlayan kimi, könüllü olaraq əsgərliyə getdi. Mən sentyabrın 27-də Ağdama, Sarıcalı hərbi hospitalına getdim. Bilirdim ki, ora ən gərgin yerdir, Hadrutdan, Tərtərdən, Ağdərədən yaralılar ora gətirilirdi. İş çox gözəl təşkil olunmuşdu. Birinci Qarabağ müharibəsində olandan qat-qat üstün, keyfiyyətli bir tibb sistemi qurulmuşdu. Yaralılar Avropa standartları səviyyəsində əməliyyat olunurdu. Orada çoxlu professorlar var idi. Biz gecə-gündüz işləyirdik. O hospitalın ətrafına nə qədər “Qrad” və “Smerç” düşürdü, hər tərəf yanırdı, amma Allah-təala o hospitalı, yaralıları qoruyurdu. Biz bir dəfə də zirzəmiyə düşüb əməliyyat etmədik. Biz bütün bunlara baxmayaraq əməliyyatlarımızı icra edirdik və çox uğurlu əməliyyatlar aparırdıq. Mən görürdüm, yaralılar necə entuziazm, fədakarlıq göstərirdilər, Sizi necə sevirdilər. Hər dəfə Sizin çıxışlarınızı gözləyirdilər ki, möhtərəm Prezident nə deyəcək. Siz deyəndə ki, Hadrut işğaldan azad olunub, hamı məni qucaqlayıb öpdü. Bu xoşbəxtliyi bizə bəxş etdiyinizə görə biz qarabağlılar Sizə “Qarabağ bəylərbəyi” adı verdik. Siz Qarabağ bəylərbəyisiniz. Elman müəllim düz dedi, fatehsiniz, sərkərdəsiniz, amma Siz həm də Qarabağ bəylərbəyisiniz.
Mən də kənarda qalmıram, İqtisadiyyat Nazirliyi ilə, böyük bir komanda ilə işləyirik. Doğrudan da İqtisadiyyat Nazirliyi Sizin rəhbərliyinizlə böyük bir proqram işləyib hazırlayıb. Biz də istəyirik ki, Tuğ kəndində bir sanatoriya tikək. Çünki mən xaricdə çox oluram. Xarici ölkələrdə, Amerikanın ştatlarında, Avropanın bütün ölkələrində, konqreslərdə mənim yaxşı dostlarım var, onlar da bu işlə maraqlanırlar. Hər dəfə xarici ölkədən zəng edib məni almanlar, ingilislər, fransızlar, italyanlar da təbrik edirlər. Mən çox sevinirəm. Bu xoşbəxtliyi Siz bizə bəxş etdiniz. Ulu Öndərimizin siyasətini uğurla sona çatdırdınız.
Bizim ailəmiz üç nəfərdən ibarətdir - mən, yoldaşım və oğlum. Bizim ailə hər zaman Sizə iki əsgər verməyə hazırdır.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm
Mübariz Əliyev: Sağ olun.
X X X
Prezident İlham Əliyev dedi:
- İlk növbədə, xoş sözlərə görə minnətdaram. Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Çünki müharibə başlanan kimi əmrlərimdən birincisi bəlkə də ondan ibarət idi ki, yaralılara ən yüksək xidmət göstərilməlidir. Yaralılar döyüş meydanından dərhal çıxarılmalı, sanitar maşınlarına mindirilməli və birinci ən yaxın olan tibb mərkəzinə gətirilməlidir. Deyə bilərəm ki, həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər.
Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir versəniz görərsiniz ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi. Burada qeyd olundu, mən deyirdim ki, torpaqlar işğaldan azad olunacaq. Mən həm deyirdim, həm də inanırdım və bilirdim ki, bu, belə olacaq. Əlbəttə, biz istəyirdik ki, qan tökülməsin, torpaqlarımız sülh yolu ilə azad edilsin. Amma artıq səbir kasamız daşmışdı və məhz müharibəyə hərtərəfli hazırlıq görülmüşdü - həm iqtisadi sahədə, hərbi-quruculuq sahəsində, maddi-texniki təminat sahəsində və eyni zamanda, səhiyyə sahəsində. Ona görə məsələn, biz Füzuli rayonunda təmas xəttinə yaxın iki böyük tibb mərkəzi yaratdıq. Yevlaxda, ondan sonra Goranboyda, Ağdamda, Bərdədə böyük tibb mərkəzləri yaratdıq. Yaralanmış hərbçilərimizin orada müalicəsi hesab edirəm ki, onların bir çoxlarının həyatının xilas olunmasına səbəb olmuşdur. Ona görə həkimlərə xüsusi minnətdarlığımı bildirmək istəyirəm, sizə də şəxsən. Müharibə başlanan kimi, siz könüllü olaraq döyüş bölgəsinə getdiniz. Doğrudan da Ağdam bölgəsi ən ağır bölgə idi və ora təmas xəttinə yaxın olduğu üçün ermənilər daim bizim kəndlərimizi atəşə tuturdular. Aprel döyüşlərində erməni silahlı qüvvələri ən çox Ağdamı atəşə tutmuşdular. Ən çox dağılan evlər də məhz Ağdamda idi.
Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu. Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar. Səfərbərliklə bağlı hərbi komissarlıqların qabağında minlərlə gənc könüllü olaraq döyüşə getmək istəyirdi. Bəzilərinə deyilirdi ki, ehtiyac yoxdur, inciyirdilər. Mənə nə qədər məktub gəldi ki, məni qoymurlar gedim, Ali Baş Komandan, xahiş edirəm mənə icazə verin. Yaralılar yaraları sağalmadan durub döyüşə gedirdilər. Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Məhz Qələbənin səbəbi budur.
Əlbəttə, bütün başqa amillərlə bərabər, hazırlıq sistemli xarakter daşımışdı. Uzunmüddətli hərtərəfli hazırlıq işləri gedirdi – iqtisadi, beynəlxalq münasibətlər, ordu quruculuğu sahələrində, vətənpərvərlik, düşmənə nifrət hissi aşılanırdı gənclərimizə. Bu hazırlıq nəticədə belə möhtəşəm Qələbəyə gətirib çıxardı ki, bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan, xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün fəxr edir, haqlı olaraq fəxr edir, hamımız fəxr edirik.
Keçmiş məcburi köçkünlərlə görüşlər indi tamamilə başqa xarakter alıb. Siz bilirsiniz, mən 2003-cü ildən başlayaraq məcburi köçkünlərlə ildə bir neçə dəfə görüşmüşdüm, həm açılışlarda, - çünki 100-dən çox şəhərcik inşa edilmişdir, hər bir açılışda mən iştirak edirdim, - həm də ki, başqa tədbirlərdə. Görürdüm ki, son illər onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?! Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq.
Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı başa düşürəm. Çünki mən keçmiş məcburi köçkünlərlə Azərbaycanda bəlkə də ən çox təmasda olan insanam. Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib “Öldü var, döndü yoxdur!” şüarı ilə qabağa gedəydik və getdik. Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır.
Bir daha sizi təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
X X X
Sonra xatirə şəkilləri çəkdirildi.
X X X
Prezident İlham Əliyev: Salam qəhrəman, necəsən?
Sakin: Siz mənə Milli Qəhrəman adı verdiniz.
Prezident İlham Əliyev: Bəli, vermişəm. Sən buna layiqsən.
Sakin: Allah Sizi var eləsin, Allah canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Sağ ol, çox sağ ol.
Sakin: Salam cənab Prezident.
Prezident İlham Əliyev: Xoş gəlmisiniz.
Sakin: Minnətdaram ki, məni Tuğa qaytardınız, məni evimə qaytardınız. Sağ olun.
Prezident İlham Əliyev: İndi gedəcəyik Tuğa.
Sakin: Cənab Prezident, minnətdarıq, Sizinlə qürur duyuruq.
Digər sakin: Bakı Ali Neft Məktəbinin tələbəsiyəm. Tələbələrin adından demək istəyirəm ki, hamımız Sizinlə fəxr edirik.
Prezident İlham Əliyev: Sağ olun, salam söylə tələbə yoldaşlarına. Çox sağ olun.
Bura çox möhtəşəm turizm mərkəzi ola bilər. Bir də ki, Füzuli Hava Limanı artıq var. Füzulidən bura indi yol da çəkirik. Füzulidən Hadruta 20 dəqiqəlik yol olacaq, dördzolaqlı.
Sakin: Çox gözəl yollar çəkilir, cənab Prezident.
X X X
Azərbaycan Prezidenti Xocavənd ictimaiyyətinin nümayəndələri ilə Tuğ kəndinə yola düşdü.