Oktyabrın 9-da Türkiyə Respublikasının Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan dörd uşağın Vətənə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən xezerxeber.az-a bildiriblər ki, həmin şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub. Belə ki, əvvəlcə Vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam ediliblər.
Türkiyəyə ezam edilmiş nümayəndə heyəti tərəfindən uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra həmin vətəndaşlarımız ölkəyə qayıtmaları üçün Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin ediliblər.
Oktyabrın 9-da Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə həmin vətəndaşların Ankara-Bakı reysi ilə ölkəmizə repatriasiyası təmin olunub.
Müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün Azərbaycan Respublikasının hökuməti tərəfindən bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək.