Qətərin məşhur “Əl-Cəzirə” Media Şəbəkəsinin nümayəndələri bir müddət öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində “Əl-Cəzirə”nin heyəti işğaldan azad olunan rayonları da ziyarət edib. “Əl-Cəzirə” Media Şəbəkəsinin əməkdaşı Omar Əl Hac səfər müddətində, həmçinin Qarabağ Atçılıq Kompleksində olub, kompleksin müdiri Elman Qədirovdan müsahibə alıb, Qarabağ atları barədə reportaj hazırlayıb.
Reportajda Azərbaycanda ən məşhur at növü olan Qarabağ atlarının əsas xüsusiyyətlərindən bəhs edilir.
Atçılıq kompleksinin müdiri Elman Qədirov bildirir ki, Qarabağ atlarının əsas xüsusiyyəti onların sürətli olmasıdır. Onun sözlərinə görə, bu atlar birinci növ atlar hesab olunur və onlar dağ şəraitində dözümlü olmaqla yanaşı, gediş zamanı yorulmurlar.
Reportajda qeyd edilir ki, Azərbaycanda tarixi 8 min ildən çox olan bu at növü barəsində bir çox hekayələr var. Kitabların bəzilərində göstərilib ki, Hicri təqviminin birinci əsrində Azərbaycana gələn ilk müsəlmanlar da bu atları bəyəniblər. Yüksək dözümlülük qabiliyyətinə və sürətinə görə keçmiş Sovet İttifaqında, İkinci Dünya müharibəsi zamanı bu atlardan əsgərlərin daşınmasında istifadə edilib.
Elman Qədirov deyir ki, bu növ atlardan başqa yerdə yoxdur. Hətta bu atları zəriflik və sürət baxımından ərəb və ya ingilis atları ilə müqayisə etsək, daha yüksək qabiliyyətə malik olduqlarını görərik.
Qeyd edilir ki, 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı minlərlə at məhv edilib və onların sayı əhəmiyyətli dərəcədə azalıb. Ona görə də, bu gün Qarabağ atlarına dövlət və özəl at fermalarının sahibləri tərəfindən xüsusi qayğı göstərilir. Bu zərif atlarla idman yarışlarında iştirak edirlər.
Bildirilir ki, Azərbaycanda bu növ atların sayı 2 minə yaxındır və onların sayının çoxaldılması üçün müvafiq tədbirlər görülür. Bu baxımdan, Azərbaycan dövləti və özəl ferma sahibləri atları əsl Vətəni olan azad edilmiş Qarabağ regionuna qaytarmağa çalışırlar. (AZƏRTAC)