“Gürcüstan artıq regional oyunçu kimi çox güclü funksiya əldə edib”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu ölkənin İctimai telekanalına açıqlamasında deyib.
Bildirib ki, 30 il ərzində Gürcüstan ilk dəfə vacib regional rol və funksiyaların icrasına nail olub.
“Bu gün 30 il ərzində ilk dəfə Gürcüstan artıq vacib rol və funksiya icra edir. Bildiyiniz kimi, Baş nazirin birbaşa təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aktiv kommunikasiya aparılır. Gürcüstan hökuməti hər şeydən öncə regional əməkdaşlıq baxımından ilk addımların atılmasına nail olub. Bu vacib nəticə bizim vasitəçiliyimiz sayəsində olub”.
Nazir qeyd edib ki Avropa və ABŞ-ın güclü dəstəyi ilə bu istiqamətdə növbəti addımlar da atılacaq.
O əlavə edib ki, Gürcüstan Tbilisinin Azərbaycan və Ermənistan arasında dialoq platformasına çevrilməsinə çalışır.
Nazir bu istiqamətdə hər hansı bir tarixdən danışılmasının çətin olduğunu, bunun Gürcüstanın qonşuları və dostları arasındakı siyasi hazırlıqdan, onların atacaqları addımlardan asılı olduğunu qeyd edib.
"Azərbaycanlı və ermənistanlı həmkarlarımızdan əldə etdiyimiz məlumatlar deməyə əsas verir ki, biz bu rolu öhdəmizə götürə bilərik”, deyə nazir qeyd edib.
D.Zalkaliani əlavə edib ki, 3+3 formatında Rusiya ilə birlikdə yer alması Gürcüstan üçün çətindir, lakin hökumət müəyyən formada bu cür vacib geosiyasi layihələrdə və əlaqələrdə olmalı, ölkənin öz rol və funksiyasını itirməməsini təmin etməlidir.
Nazir vurğulayıb ki, bu iştirak Gürcüstanın dövlət maraqlarının ziddinə və müəyyən güzəştlər əsasında baş verməməlidir.
“Əlbəttə, qırmızı xətt bizim ölkəmizin ərazi bütövlüyü və suverenliyidir. Bizim regionda inkişaf edən proseslərin gerisində qalmamağımız zəruridir”, deyə D.Zalkaliani vurğulayıb. (APA)