Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ali Məclisin sədri “Sarsılmaz qardaşlıq - 2021” birgə döyüş atışlı taktiki təlimin uğurla başa çatması, eləcə də yeni vəzifəyə təyin olunması münasibətilə Yavuz Türkgənciyə və nümayəndə heyətinə təbriklərini çatdırıb. Ali Məclisin sədri Azərbaycan-Türkiyə birgə təlimlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiramını ifadə edib.
Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlığını bildirib, ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirib. Yavuz Türkgənci bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini və hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.