Xəzər Xəbər

Milli Məclisdə koronavirus pandemiyası ilə bağlı dinləmə keçirilib

Gündəm | 17:56 • 7 Oktyabr 2021
Milli Məclisdə koronavirus pandemiyası ilə bağlı dinləmə keçirilib

Oktyabrın 7-də Milli Məclisdə Səhiyyə komitəsinin təşkilatçılığı ilə “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq Azərbaycan parlamentində dinləmələrin keçirilməsinin artıq bir ənənə halı aldığını qeyd edib.

Bildirib ki, iki ilə yaxındır dünyada tüğyan edən koronavirus pandemiyasının ilk günündən Prezident İlham Əliyevin şəxsi nəzarəti və tapşırığı ilə həyata keçirilən koronavirusla mübarizə tədbirləri sayəsində bu gün COVİD-19 Azərbaycanda nəzarət altına alınıb. Eyni zamanda, pandemiya ilə bağlı gözlənilməz reallıqların bizi daim sayıq olmağa vadar etdiyini deyən komitə sədri elə bu dinləmənin də yeni problemlərin həlli yollarının, yaranan sualların cavablarının tapılması məqsədi daşıdığını bildirib.
Sonra Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxış edib. Vitse-spiker COVID-19 pandemiyasının qlobal təsirlərindən, gətirdiyi yeni reallıqlardan danışıb. Adil Əliyev Azərbaycanın bu sınaqdan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üzüağ çıxdığını vurğulayıb. O, pandemiyanın vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən dəstək proqramlarını qeyd edib, Prezident İlham Əliyevin qlobal miqyasda koronavirusla mübarizəyə verdiyi töhfələrdən danışıb. Vitse-spiker Milli Məclisin pandemiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətini də qeyd edib. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səylərinin beynəlxalq səviyyədə qəbul edildiyini, 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdığını vurğulayıb.
Azərbaycanda keçirilən vaksinasiya prosesinə toxunan Adil Əliyev çıxışının sonunda tibb işçilərinə, həkimlərə fədakar əməklərinə görə minnətdarlığını bildirib.
Dinləmələrdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov, Kamilə Əliyeva, İlham Məmmədov, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər. Deputatlar Azərbaycanda koronovirusla mübarizə tədbirlərini yüksək dəyərləndiriblər, vaksinasiya səviyyəsinə görə MDB-də lider olmağımızı təqdir ediblər, COVİD-19 pandemiyasının mövcud durumu və gələcək vəziyyəti ilə bağlı onları və seçicilərini narahat edən sualları səsləndiriblər. Deputatlar vaksinlərin keyfiyyət göstəriciləri, vaksinləşmənin növbəti mərhələləri, səhiyyənin müvafiq sahəsində mütəxəssis, infrastruktur təminatı, avadanlıqlarla, test və laboratoriyalarla təchizat, klinik protokolların və digər müvafiq standartların yenilənməsi kimi məsələlərlə bağlı mövcud vəziyyət və görüləcək işlərlə maraqlanıblar. Millət vəkilləri həmçinin koronavirus xəstələrinə ambulator xidmətin təşkili, onların xəstəxanaya yatırılması qaydası, evdə müalicə alanların dərmanlarla təminatı, uşaqların vaksinasiyası kimi məsələlərlə bağlı fikirlərini ifadə ediblər.
Dinləmələrə dəvət olunan Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov Azərbaycanda koronavirus infeksiyası ilə bağlı mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər barədə məlumat veriblər, deputatların suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər. Bildirilib ki, koronavirus xəstələrinin müalicəsi, xəstəxanaya yatırılması kriteriyalarına yenidən baxılır, elektron resept sisteminin tətbiqi planlaşdırılır.
Fikir mübadiləsi şəraitində keçən tədbirdə dərmanların qeydiyyatı məsələsinin aktuallığı, koronavirus infeksiyası ilə mübarizədə koordinasiyanın və kommunikasiyanın təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib, dezinformasiyaların qarşısının alınması və maarifləndirmə işlərinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda Milli Məclis sədrinin müavini Adil Əliyev və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səmərəli fikir mübadiləsinə görə iştirakçılara təşəkkür ediblər. Bildirilib ki, bir çox məqamlara aydınlıq gətirilib, insanları narahat edən suallara cavab tapılıb və bu faydalı ənənə davam etdiriləcək. Dinləmələrdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov da iştirak edib.

Xəbər lenti

Çox oxunanlar