Xəzər Xəbər

Azərbaycana köç edən nadir növ çöl quşları ovu qadağan edilir - ETSN

Gündəm | 17:22 • 10 May 2021
Azərbaycana köç edən nadir növ çöl quşları ovu qadağan edilir - ETSN

Azərbaycana köç edən nadir növ çöl quşları qorunur və bir çox başqa ölkələrdən fərqli olaraq yaz köç vaxtı quşların ovu qadağan edilir.

Bunu açıqlamasında Azərbaycan Ornitoloqlar Cəmiyyətinin sədri Elçin Sultanov deyib.

O bildirib ki, Aranın yarımsəhrası və burada yerləşən şoran göllər qış vaxtı maksimum məhsuldarlığa çatdığı üçün qışlayan quşları qida ilə təmin edir.

"Köçəri quşlar Azərbaycan üçün olduqca vacib rol oynayır. Çünki Azərbaycanın coğrafi yerləşməsi və iqlimi şimalda-Tundra, Tayqa qırağında, Rusiyada küllü miqdarda yuvalayan quşların qışlamağa Azərbaycana, subtropik iqlimə gəlməsinə səbəb olur. Beləliklə milyonlarla köçəri quşlar həm köç vaxtı, həm də qışlamada qida ilə təmin edilirlər. Su quşları, qaz, ördək və digərləri əsasən Volqa, Ural arasından, Qərbi Sibir və Qazaxıstan ərazisindən Azərbaycan ərazisinə gəlir. Azərbaycanda yuvalayan quşlar isə qışlamada Şimal-Şərqi Afrikaya gedir. İndi onlar həmin ərazilərdən və Hindistandan qayıdırlar, Azərbaycana gəlib yuvalayırlar. Bunlar ibislər, xırda sərçəkimi quşlardır. Azərbaycan köçəri quşları üçün olduqca mühüm rol oynayır".

Köç yollarında bəzən daralma getdiyini vurğulayan E. Sultanov bildirib ki, Böyük Qafqazla Xəzər dənizi arasında, Beşbarmaq ərazisindən dar dəhliz keçir.

"Dəvəçi limanı ərazisində bu quşlar küllü miqdarda köç edir. Burada beynəlxalq müşahidə nöqtələri yerləşir, hər il müxtəlif alimlər və quşsevərlər gəlib müşahidələr aparır. Buradan su quşları, yırtıcı quşlar, sərçəkimi quşlar köç edir. Ümumiyyətlə köç mövsümündə Azərbaycandan 10 milyonlarla quş köç edir. Payızda onların sayı 2-3 dəfə daha çox olur. Yazda daha az olur. Köç edən quşların onda biri Azərbaycanda qışlamada qalır. Azərbaycana köç edən nadir növ çöl quşları qorunur və bir çox başqa ölkələrdən fərqli olaraq yaz köç vaxtı quşların ovu qadağan edilir. Çünki onlar yuvalamağa gedirlər və onları ovlamaq böyük səhv olardı". Trend

Xəbər lenti

Çox oxunanlar