Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib.
XəzərXəbər xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə içməli su mənbəyi kimi 5 subartezian quyusu qazılıb, Sutəmizləyici Qurğular Kompleksi inşa olunub, subartezian quyularından kompleksə təzyiqli boru xətti çəkilib. Kompleksə sutəmizləyici qurğu, nasos stansiyası xam və təmiz su anbarları daxildir. Sutəmizləyici qurğu gün ərzində 11 min kubmetr su təmizləmə gücünə malikdir. İş prosesi tam avtomatlaşdırılıb. Su anbarlarının səviyyəsinə, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunur.
Subartezian quyularından kompleksə daxil olan su ozon qurğusu vasitəsilə dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür, mexaniki süzgəclərdə təmizlənib anbarlara yığılır, sonra paylayıcı su anbarına vurulur, şəbəkənin bir hissəsinə isə öz axını ilə verilir. Beləliklə, layihənin icrası sayəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.
Prezident İlham Əliyev Ordubad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı. Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü. Azərbaycan Prezidenti görüşdə çıxış etdi.İctimaiyyət nümayəndələrini salamlayan
Prezident İlham Əliyev dedi:
- Sizi təbrik edirəm, Ordubad şəhərinin içməli su ilə təmin edilməsi istiqamətində önəmli addımlar atıldı. Artıq Ordubad şəhərinə də təmiz içməli su verilir. Artıq bir müddətdir ki, şəhərin və Şəhriyar qəsəbəsinin sakinləri bu sudan istifadə edirlər. Çox əlamətdar hadisədir. Bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Son illər görülmüş işlər nəticəsində demək olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu layihələr icra edilib. Bir neçə şəhər qalıb ki, orada da yaxın gələcəkdə içməli su və kanalizasiya layihələri icra ediləcək.
Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib - Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki, vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. Yollar da infrastruktur layihələri arasında xüsusi yer tutan layihələrdir. Bu gün artıq yeni çəkilmiş Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim. Yol şəbəkəsinin qurulması istiqamətində də demək olar ki, bütün şəhərlərarası layihələr başa çatıb. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Bu gün ölkəmizin həyatında xüsusi bir gündür - Ulu Öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır - təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin. Sizi bir daha təbrik edirəm.
Sakinlər: Sağ olun.
Sonra ictimaiyyətin adından Cəbi Quliyev çıxış edərək Naxçıvanda davamlı inkişafın təmin edildiyini vurğuladı və buna görə Naxçıvan ictimaiyyəti adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin dövlət-xalq birliyinin əyani ifadəsi olduğunu dedi. Vurğuladı ki, bu qələbə nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyacaq. O da bildirildi ki, ölkəmizdə həyata keçirilən inkişaf strategiyası muxtar respublikanı da əhatə edib, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olub. Belə ki, muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilib. Yeni hərbi obyektlər istifadəyə verilib, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətin döyüş qabiliyyəti artırılıb. Prezident İlham Əliyevin bu səfəri zamanı istifadəyə verilən obyektlər də ölkəmizdə insan amilinə verilən yüksək dəyərin ifadəsidir və Naxçıvanın daha da inkişafında mühüm rol oynayacaq.
Qeyd edək ki, uzun illərdir mənfur qonşularımızın fitnəkarlığı ucbatından blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sosial layihələrin icrası bir an belə səngiməyib. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də bu qəbildəndir.
Daha sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoydu.