“Ulu öndərin ruhu bu gün şaddır. Ulu öndərin təməlini qoyduğu, cəmiyyət və dövlət arasında vəhdət yaratdığı dövrə illər keçdikdən sonra çatdıq. Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünü, sərhədlərini bərpa etdik”.
Bunu xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan böyük qələbəyə, böyük zəfərə imza atıb: “Bu gün üçrəngli Azərbaycan bayrağı bizim uzun illər ərzində işğal atında olan torpaqlarımızda, şəhər və qəsəbələrimizdə, kəndlərimizdə dalğalanır. Bu gün Azərbaycan vətəndaşı, əsgəri Şuşada bayram edir. Belə olan təqdirdə təbii ki, ulu öndərimizin ruhu şaddır. Mən bu barədə danışarkən bu böyük zəfərin, böyük qələbənin əldə olunmasında məhz ulu öndərin həyata keçirdiyi siyasət dayanır, məhz o, xalqımız üçün, dövlətimiz üçün çox ağrılı, problemli məsələnin ilk illərində çox qətiyyətli mövqe sərgilədi və bu, illər keçdikdən sonra öz nəticəsini verdi”.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yalnız qələbələrə imza atacağıq: “Bizim xalqımız bundan sonra yalnız xoş günlər yaşayacaq. Növbəti illərdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən böyük amalı ondan ibarətdir ki, həmin ərazilər tam bərpa edilsin, ora yenidən həyat, ora yenidən uşaq səsləri qayıtsın. O bölgələrin sözün əsl mənasında nəinki ölkənin, dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi bizim ən böyük amalımızdır. Mən əminəm ki, belə də olacaq”./Apa