Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub.
XəzərXəbər xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, inşasına ötən il başlanan Mərkəzin tikintisi sürətlə davam edir.
Qeyd edək ki, dövlətimizin başçısının 2012-ci ilin iyulunda imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “Asan xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.
Hazırda ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox, “ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.