"Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir".
Bu sözləri “Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır:
"Hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərc 97 qəpik olacaq. 97 qəpik proqnozlaşdırılandır. Bəlkə metro iyunun 1-i açılmayacaq. Bəlkə açılacaq, 132 milyon deyil, daha az və ya daha çox sərnişin daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.
Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır. Tarif Şurasına müraciət edilərsə, bunu da ictimaiyyətə çəkinmədən açıqlamağa hazıram".
B.Məmmədov onu da qeyd edib ki, 2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib, ancaq sərnişin 30 qəpiyə daşınıb:
"2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib. Yenə də 30 qəpiyə daşınıb"./lent.az