Xəzər Xəbər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tələbləri açıqladı

Gündəm | 16:30 • 14 Sentyabr 2020
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tələbləri açıqladı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi pandemiya zamanı məktəblərdə müəllimlər üçün qoyulan tələbləri və yaşlı müəllimlərin işə cəlb olunmasının tənzimlənməsi qaydasını açıqlayıb. 


İdarənin müdiri Rəşad Tağıyev bildirib ki, məktəblərdə iş prosesi zamanı birmənalı olaraq tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. Müəllimlər otağında və digər işçilərin otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir: "Təhsilverən özündə və ya yaxın təmasda olduğu şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. İş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), təcili olaraq müvafiq tədbirlər görülür.


COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya yaxın təmasda olduğu şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə çıxmasına icazə verilmir”.


R. Tağıyev bildirib ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Əməkhaqqının hesablanmasında isə distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

Xəbər lenti

Çox oxunanlar