Xəzər Xəbər

Dərslər bu saatlarda başlaya bilər Yeni qaydalardan biri bu olacaq?

Gündəm | 13:58 • 2 Sentyabr 2020
Dərslər bu saatlarda başlaya bilər

Pandemiya dövründə yeni təhsil ilinin başlaması qərarından sonra valideynləri ən çox düşündürən dərslərin vaxtının dəyişdirilib, dəyişdirilməyəcəyi ilə bağlı məsələdir. Mövcud vəziyyəti və karantin qaydalarına əməl edilməyəcəyi təqdirdə yoluxma ehtimalının artacağını nəzərə alsaq, yeni tədris ilində dərslərin başlaması vaxtının nə qədər əhəmiyyət daşıdığını anlamaq çətin deyil.


XəzərXəbər xəbər verir ki, Milli.Az bu məqsədlə təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib:


"Mövcud vəziyyətdə dərslərin başlaması üçün ən optimal vaxt 09:00-dan 13:00-a qədər və yaxud da 10:00-dan 14:00-a qədər olmalıdır. Səhər çağları müxtəlif sahələrdə çalışan insanların işə getmək məsələsi var. Onlar ictimai nəqliyyatdan istifadə etdikləri zaman şagirdlər də eyni nəqliyyat vasitələri ilə dərsə getdikləri zaman yoluxma riski ola bilər. Ona görə də iş vaxtından bir qədər sonraya dərslərin başlaması daha məqsədəuyğun hesab oluna bilər. 


Biz günorta növbəsini də nəzərə alsaq, 14:00-dan 18:00-a qədər dərslər keçirilə bilər. Təbii ki, bu yenə də əsas Təhsil Nazirliyinin verəcəyi qərardan asılıdır. Amma düşünürəm ki, yoluxmada daha çox artımın olmaması üçün səhər saatlarında əvvəlki kimi 8-də, 9-a 20 dəqiqə işləmiş, 9-un yarısı dərslərin başlamasına getmək lazım deyil. Ən azı dərslər 9:00-da və yaxud 10:00-da başlamalıdır". 


Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq. İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər. 


5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.


Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.


Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

Xəbər lenti

Çox oxunanlar