Bakıda fəaliyyətini müvəqqəti dayandıran "Sədərək" Ticarət Mərkəzində dezinfeksiya işləri davam etdirilir.
XəzərXəbər-in Trend-ə istinadən məlumatına görə, mərkəzdən verilən məlumatda ticarət mərkəzi ərazisində hər gün profilaktik tədbirlərin görüldüyü bildirilib:
"Hazırda bazar ərazisindəki bütün mağaza və obyektlər gündəlik dezinfeksiya edilir, ərazidə təmizlik işləri aparılır. Ticarət Mərkəzində onlayn satış davam edir. Təxminən sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur. Digər sahibkarlar isə fəaliyyətini dayandırıb.
Ticarət Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təkliflərinə tam qaydada riayət olunur. Bazar ərazisində onlayn satışla məşğul olan sahibkarların da qaydalara əməl etməsinə ciddi nəzarət olunur. Bazar ərazisinə daxil olan şəxsin kimliyindən asılı olmayaraq tibbi maska və qoruyuculardan istifadəsi vacibdir".
Xatırladaq ki, ölkədə yayılan koronavirus infeksiyasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakıda və digər 12 şəhər və rayonda sərt karantin elan edilib və həmin ərazilərdə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.