Xəzər Xəbər

Emin Əmrullayev: "Təhsilin adi qaydada davam etməsi risklər yarada bilər"

Gündəm | 15:10 • 17 Avqust 2020
Emin Əmrullayev: "Təhsilin adi qaydada davam etməsi risklər yarada bilər"

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

XəzərXəbər-in məlumatına görə konfransda növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Emin Əmrullayev konfransda çıxış edib.

Nazir bildirib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır. Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVİD-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

E. Əmrullayev təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib. Qeyd edilib ki, "yaşıl”, "sarı”, "narıncı” və "qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.

Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir.


Xəbər lenti