Xəzər Xəbər

Dünya liderlərinin İlham Əliyevə təbrikləri davam edir

Gündəm | 15:10 • 27 May 2020
Dünya liderlərinin İlham Əliyevə təbrikləri davam edir

Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

XəzərXəbər məktubun mətnini təqdim edir.

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi, tərəqqi və əmin-amanlıq arzularımı çatdırıram.

Mən bizim hamımızın COVID-19 pandemiyası ilə bağlı çağırışlarla üzləşdiyimiz bir vaxtda Azərbaycan xalqına dəstəyimi ifadə etmək istərdim. Pandemiya bir-birimizdən nə dərəcədə asılı olduğumuzu nümayiş etdirir və həll yollarının yalnız yaxın əməkdaşlıq vasitəsilə tapıla biləcəyini göstərir. Ümid edirəm ki, bizim ölkələrimiz ikitərəfli əsasda, habelə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyət göstərməkdə davam edəcəklər. Həmçinin icazənizlə vurğulayım ki, Estoniya Şərq Tərəfdaşlığının möhkəm tərəfdarıdır və tərəfdarı olaraq qalacaqdır. Estoniya, həmçinin Avropa İttifaqı ilə onun qonşu tərəfdaşları arasında yaxın münasibətləri təşviq etməkdə davam edir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İordaniya Kralı II Abdullah ibn Əl Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Zati-aliləri.

"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah diləyirəm”.

***

Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli сənab Prezident.

İcazə verin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost xalqınıza Albaniya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırım.

Fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhtəşəm dostluq münasibətlərinə ən dərin ehtiramımı bildirir, bu münasibətlərin dərinləşməsi və möhkəmlənməsinə verdiyiniz dəstəyə görə Sizə təşəkkürümü ifadə edirəm.

Enerji sahəsindəki çox sıx əməkdaşlığımız, xüsusilə də TAP layihəsinin həyata keçirilməsində əldə edilən böyük irəliləyiş ölkələrimiz arasında yeni əməkdaşlıq layihələri üçün geniş perspektivlər açmışdır.

Sizi əmin edirəm ki, ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə daha da gücləndirilməsində qətiyyətliyəm.

Bütün dünyanın, eləcə də bizim ölkələrimizin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda arzu edirəm ki, hamımız birgə səylərlə, müdrikcəsinə bu vəziyyətin öhdəsindən gələk, tezliklə gündəlik normal həyata qayıdaq və hər birimiz üçün daha yaxşı gələcəyə sahib olaq.

Sizi tezliklə, ən uyğun zamanda Albaniyada görmək arzumu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq diləyirəm.

Bir daha ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar ən səmimi təbriklərimi və ən gözəl arzularımı qəbul edin.

Əminəm ki, ölkəniz bundan sonra da səmərəli daxili siyasət apararaq və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək mühüm islahatlar və yeniliklər yolu ilə inamla addımlayacaq.

Fürsətdən istifadə edərək, Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə dostluq, qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq ruhunda inkişafı istiqamətində bundan sonra da birgə fəaliyyətə hazır olduğumuzu təsdiqləmək istərdim.

Möhtərəm cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayım”.

***

Belçika Kralı Filipp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırıram.

Pandemiya ilə əlaqədar çətin vəziyyətin yarandığı bu günlərdə Sizə və xalqınıza rifah və firavanlıq arzulayıram”.

***

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim.

Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm.

Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcəkdir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzu edirəm”.

Xəbər lenti