Karantin rejimi sentyabradək uzadılır?
AÇIQLAMA
Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, karantin rejimi sentyabra kimi uzadıla bilərmi?
Deputat Azər Badamov bildirib ki, son bir neçə gündür ki, ölkəmizdə koronavirusa yoluxanların sayı artmaqdadır: "Bunun əsasında ilk növbədə karantin rejiminə bəzi vətəndaşların məsuliyyətsiz yanaşması dayanır. Biz bilirik ki, karantin rejimində yumşalamalar həyata keçirilib. Baxmayaraq ki, karantin davam edir, bəzi insanlarda sanki pandemiya bitmiş kimi təsəvvür formalaşıb. Tətbiq olunan qaydalara əməl etmir və həm özü xəstəliyə yoluxur, həm də ətrafdakıları üçün təhlükə mənbəyinə çevrilir. Vəziyyət belə davam edərsə təbii ki, karantin qaydalarının daha da sərtləşdirilməsinə ehtiyac yaranacaqdır. Karantin rejimi isə koronavirusa qarşı peyvənd yaranana qədər davam edəcəkdir. Bu iki ay da ola bilər, ilin axırına qədər davam edə də bilər. Biz nə vaxt karantin bitəcəyi fikri ilə yox, yeni vəziyyətə uyğun yaşamağı öyrənməliyik. Bu, gündəlik mütləq şəkildə tibbi maska geyinmək, şəxsi gigeyenik qaydalarına əməl etmək və sosisal məsafə gözləməkdən ibarətdir. Əgər hamı bu tələblərə riayət etsələr, koronavirusun yayılmasını minimuma endirmək mümkündür"./Sonxeber