Xəzər Xəbər

“Xalq onları süpürüb zibil yeşiyinə atdı” - İlham Əliyev

Gündəm | 17:56 • 13 May 2020
“Xalq onları süpürüb zibil yeşiyinə atdı” - İlham Əliyev

Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətdir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Kəlbəcərin işğal altına düşməsinin səbəbkarı xəyanətkar AXC-Müsavat hakimiyyətidir. Məhz onların xəyanətkar və yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür, vətəndaşlarımız həlak olmuşdur və Kəlbəcərdən olan bütün soydaşlarımız məcburi köçkün şəraitində yaşamağa məcbur olmuşlar. Bu cinayət AXC-Müsavat hakimiyyətinin birinci cinayəti deyildi. Şuşanın və Laçının işğal altına düşməsində də AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olmuşdur. O vaxt onlar Azərbaycanda hakimiyyət davası aparırdılar. Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, "beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək.

1992-ci ildə Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətdir. Bir daha demək istəyirəm ki, o vaxt onların əsas məqsədi hakimiyyətə gəlmək idi. Hakimiyyət də kifayət qədər zəif idi, ona görə Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat hakimiyyətinin, o vaxt o partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayətidir. O vaxt guya ki, Şuşanın müdafiəsini təşkil edən bir ünsür, xain, satqın, başına papaq qoyan, ancaq Şuşanı qorxaq kimi tərk edib qaçan demişdi ki, əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam. Bu günə qədər müxtəlif dairələrdə fırlanır. Bax, onların əməli budur. Onlar Şuşanı təhvil veriblər ki, Azərbaycanda vəziyyət gərginləşsin, xalq ayağa qalxsın, hakimiyyət devrilsin və onlar hakimiyyətə gəlsinlər və belə də oldu. Bundan istifadə edərək, öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi. Ancaq bir il ərzində ölkəmizi elə bərbad vəziyyətə qoydular ki, xalq ayağa qalxdı, onları süpürüb zibil yeşiyinə atdı və yeganə nicat yolunu Heydər Əliyevin simasında gördü. O vaxta qədər onlar Kəlbəcəri ermənilərə təhvil verməklə böyük cinayət törətmişdilər. Çünki Kəlbəcərin işğal altına düşməsi coğrafi baxımdan Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yaratdı və artıq bu, dəhliz deyildi, işğal altına düşmüş böyük bir ərazi idi. Bu, əlbəttə ki, ölkəmizə, gənc Azərbaycan dövlətinə vurulmuş böyük zərbə idi. Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir".

Xəbər lenti