"İnanmıram ki, virusun ikinci dalğası olsun. Dalğalanmalar adətən epidemioloji vəziyyətlə bağlıdır. Yəni, xəstəliyin azalması və ya artması mümkün variantdır. Düşünmürəm ki, bundan sonra təkrar güclü xəstələnmə hadisələri baş versin və maksimuma çatsın. 60-100 nəfər civarında gündəlik yoluxmalar olur. Ümid edirəm ki, bu say azalacaq”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O, ölkədə pandemiya ilə bağlı vəziyyətin getdikcə stabilləşməsi üçün insanları bütün tədbirlərə və verilən tövsiyələrə əməl etməyə çağırıb:
"Həmişə bankın yanından keçəndə müşahidə edirdim ki, pərakəndəlik var və insanlar maska taxmır. Bu gün bir şeyə diqqət etdim ki, az sayda insan istisna olmaqla orada toplaşanların böyük əksəriyyəti maskada idi. Həmçinin eşitmişəm ki, metro girişində maska taxırlar, ancaq vaqonlarda onu çıxarırlar. Həmişə demişəm ki, hər adama nəzarət etmək üçün bir polis təyin etmək mümkün deyil. İnsanın gərək özü başa düşsün ki, maska nə üçündür və hansı səbəbdən taxılır. Maska onu yox, həm də qarşısındakı şəxsi qoruyur. Bəlkə səndə virus var, onu başqasına keçirə bilərsən. Sən cavansan, sağlamsan, amma o yaşlı adamdır və ya tutaq ki, hər hansısa ciddi xəstəliyi var. Ona da virus yoluxsa ağır keçirə bilər. Sən də əlamətsiz keçirib onu yoluxdurursan. Əgər biz istəyiriksə ki, bu virus olmasın, o zaman gərək tədbirlərə əməl edək. Yoxsa metroya daxil olanda girişdə maskanı polisə göstərib, vaqonda çıxarmaq səhv addımdır. Bu şəkildə həmin şəxslər yalnız özlərini aldadırlar.
İnsanlar deyir, toyumuz var, çoxdan planlaşdırmışıq. Əgər normal həyata dönmək, bütün planları həyata keçirmək istəyiriksə bu tövsiyələrin hər birinə əməl etməliyik. Maska taxmaq, sosial məsafə saxlamaq, özünütəcrid, gigiyena qaydalarına əməl olunması və s. kimi lazımi tədbirlərə mütləq əməl olunmalıdır. Bunlar hamısı bizim, eyni zamanda qohum-əqrəbalarımızın xəstələnməməsi üçündür. İnsanlar əgər gəlib görsə ki, o xəstələr həyatla ölüm arasında necə mücadilə aparırlar, o zaman virusun nə qədər ciddi və təhlükəli olduğunu anlayarlar. Nə qədər bunun ciddiliyini göstərməyimizə, deməyimizə baxmayaraq qeyri-ciddi yanaşan insanlar var. Elə bil ki, bir nəfər quyuya daş atır, 100 nəfər ağıllı gəlib onu çıxara bilmir. Bu gün elə bir vəziyyətdəyik. Bir nəfər deyir ki, virus yoxdur və bu siyasətdir. Bəziləri də buna inanır. Bunun nəyi siyasətdir? 4 milyon insan virusa yoluxub, 300 minə yaxın insan həyatını itirib”.
Baş infeksionist ictimai qınağın da olmasını vacib hesab edir: "Hansısa şəxs maska taxmayıbsa, ona yanındakı adamlar bunu irad tutmalıdır. Hər kəs bir dəfə desə insanların da beyninə yerləşər ki, maska taxmaq vacibdir. Mən bu praktikanı 10 günə yaxındır həyata keçirirəm. Bir mağazaya getmişdim, gördüm heç kəs maska taxmayıb. Mağazanın rəhbərliyi ilə bu məsələni danışdım. Bu gün gedəndə gördüm ki, hamıya maska taxdırırlar, əlləri dezinfeksiya edirlər, hətta mağazaya gələn müştərilərin temperaturu da ölçülür. Hamı belə olsa, virusa tez bir zamanda qalib gələrik”.