Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb.
XəzərXəbər-in məlumatına görə, Nazir müraciətində bildirib ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVİD-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyati önəm kəsb edən addımlar atılır. Prezident İlham Əliyevin martın 19-da Novruz bayramı münasibətilə xalqımıza müraciətində də qeyd etdiyi kimi, bu xəstəliyin dünya miqyasında yayılmağa başladığı ilk günlərdən etibarən dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq quraraq təşkilatın müvafiq tövsiyələri əsasında bütün qabaqlayıcı və profilaktik tədbirləri görür. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə dövlət qurumlarının fəaliyyətini əlaqələndirərək, görülən işlərlə bağlı ictimaiyyəti operativ şəkildə məlumatlandırır.
Məlumdur ki, həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində mədəniyyət müəssislərinin də fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Təbii ki, insanların sağlamlığının hər şeydən ümdə olması bu addımları zəruri edir. Amma iş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verir. O cümlədən sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, bir-birimizlə ünsiyyəti davam etdirə bilirik. Odur ki, bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çalışmalıyıq.
Mövcud situasiyada mədəniyyət sahəsinin də üzərinə mühüm ictimai missiyanın düşdüyünü vurğulayan Əbülfəs Qarayev bir sıra mülahizələrini müraciətində diqqətə çatdırıb:
"Bu gün ölkə başçısının diqqət və qayğısı sayəsində, imzalanan sərəncamlara, təsdiq olunan müvafiq dövlət proqramlarına uyğun olaraq mədəniyyətin ayrı-ayrı sahələrinin – musiqi sənəti, teatr, kino, təsviri sənət, muzey, kitabxana işi, mədəni irs, xalq yaradıcılığı və digər sahələrin, həmçinin bizim üçün nisbətən yeni istiqamət olan yaradıcı mədəni sənayenin inkişafı və təbliği ilə bağlı mühüm layihələr həyata keçirilməkdədir. Son illər mədəniyyətin inkişafı ilə bağlı görülən işlərin başlıca hədəflərindən biri də bütün sahələrdə müasir texnologiyalardan istifadənin genişləndirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi, ölkə əhalisinin mədəniyyətlə bağlığının daha da gücləndirilməsidir. Bu hədəfə doğru yeni-yeni təşəbbüslər reallaşdırılır. Biz istəyirik ki, mədəniyyətimizin dünya miqyasında tanınması, UNESCO səviyyəsində yüksək dəyər qazanması ilə yanaşı, mədəni zənginliyimiz cəmiyyətimizin bütün təbəqələrinə, bizim evimizə, ailəmizə, həyat tərzimizə daha yaxından siyarət etsin.
Çünki mədəniyyət hər bir xalqın ruh və mənəviyyat qaynağıdır. Dövlət başçımız cənab İlham Əliyevin bu mövzuda çıxışlarında dəfələrlə vurğuladığı kimi, tarixinin ən çətin, ağır dövrlərində Azərbaycan xalqını yaşadan, onun ruh yüksəkliyini, gələcəyə inamını təmin edən əsas amillərdən biri bizim mənəvi və mədəni dəyərlərimiz, söz və sənət irsimiz, ədəbiyyat və incəsənətimiz olmuşdur. Mədəni irs xalqın ruh saxlancıdır. Təsadüfi deyil ki, bu günlər kütləvi el şənlikləri olmasa da, hər birimizin evində, ailəsi ilə birlikdə qeyd etdiyi Novruz həm də xalqımızın mədəni irsinin, ruhunun bayramıdır.
Xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə mən də hər birinizi, dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmağa çağırıram.
Son illər mədəni irsimizin müasir informasiya texnologiyaları vasitəsilə yayılması, hər kəs üçün əlçatan olması üçün çoxlu layihələr həyata keçirilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən musiqi sənəti incilərimizin, muğamlarımızın elektron vasitələrlə geniş yayılmasına imkan yaradan layihələr buna bariz nümunədir. Eləcə də Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsimiz, incəsənətimiz və ədəbiyyatımızla elektron formatda, virtual şəkildə tanış olmaq üçün bir sıra layihələr reallaşdırılmışdır və yaranmış vəziyyətdə bu istiqamətdə yeni layihələr də hazırlanmaqdadır.
Biz yaranmış vəziyyətdə, tətbiq edilən zəruri sosial izolyasiyanı diqqətə alaraq, "Evdə qal, evdə yarat” təşəbbüsünə start vermişik. Mədəniyyət Nazirliyi və "Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən təşəbbüsdə vətəndaşlar evdə keçirdikləri vaxt ərzində yaradıcılıqlarını işə salaraq dəyərli hədiyyələr qazana bilərlər. Hər bir vətəndaşımız öz yaradıcılığını "Kreativ Azərbaycan” Facebook səhifəsində paylaşa bilər. Mən bizim bütün yaradıcı insanları bu hərəkatı təşviq etməyə çağırıram.
Həmçinin yaxın günlərdə "Mədəniyyət” kanalında, eləcə də nazirliyin "Youtube” kanalında, "Facebook” və "İnstagram” səhifələrində yayımlanmaqla təlim xarakterli "#Yaradıcılığı evdə öyrən” verilişi təqdim ediləcək. Bu layihə həm böyüklərə özlərinin yaradıcı imkanları kəşf etməyə, bacarıqlarını inkişaf etdirməyə imkan verəcək, həm də uşaq və yeniyetmələr üçün maraqlı olacaq. Bundan əlavə, nazirliyin tabeliyindəki uşaq musiqi və incəsənət məktəbləri üçün teledərslərin nümayişi başlanacaq.
Nazirliyin Uşaq musiqi və incəsənət məktəbləri tədris portalında(http://music.mctgov.az/) müxtəlif musiqi alətləri üzrə nümunəvi ustad dərslərinin video-dərsləri yerləşdirilmişdir və bunların sayı artırılacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi elektron vasitələrlə sosial layihələr həyata keçirməyə başlamışdır. Bu çətin günlərdə birlik nümayiş etdirmək məqsədilə həmvətənlərimizi və sənətçilərimizi evlərindən "Yallı gedək” video-paylaşma çağırışına qoşulmağa çağıran təşəbbüs, "Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq reallaşdırılan "Vətənimizə virtual səyahət” layihəsi və s. bu qəbildəndir.”
Müraciətdə Mədəniyyət Nazirliyin rəsmi internet saytında (mct.gov.az), eləcə də "Facebook”, "İnstagram” səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, bununla bağlı bir çox faydalı mənbələrə keçidlərin mövcud olduğu qeyd olunub.
"Bu gün hər kəs Azərbaycan Milli Kitabxanasının (anl.az) və Respublika Uşaq Kitabxanasının (clb.az) saytlarına müraciət etməklə mütaliə üçün elektron kitabları öz elektron poçtları vasitəsilə əldə edə bilər. Eləcə də şəhər və rayonlarımızın mərkəzləşdirilmiş kitabxana sistemlərinin saytlarında elektron kitabxanalar mövcuddur. Mədəniyyət Nazirliyinin "Radio Antenn" 101 FM-lə birgə həyata keçirdiyi "Canlı kitab" layihəsində həftə içi hər gün saat 10:00-dan 12:00-dək dünya və Azərbaycan ədəbiyyatının nümunələri canlı efirdə səsləndirilir, eləcə də nazirliyin kitabxanalarının elektron resurslarından mütaliə imkanları barədə məlumat verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə onlayn rejimdə fəaliyyət göstərən audio-kitabxanadan da hər kəs istifadə edə bilər. 1541 nömrəsinə zəng etməklə stansionar telefon xətti vasitəsilə də ödənişsiz seçdiyiniz əsərləri dinləyə bilərsiniz.
Muzeylərimiz də yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini elektron vasitələrlə onlayn rejimdə davam etdirirlər. Bu gün hər bir internet istifadəçisi evində oturaraq ayrı-ayrı muzeylərimizin zəngin kolleksiyası ilə ("Virtual muzey” layihəsi) tanış ola bilər. Bu sahədə elektron imkanların geniş tətbiqi sayəsində "Muzey kolleksiyasının inciləri”, "Muzey hamı üçün”, "Bir eksponatın tarixi” kimi virtual layihələr də artıq hər kəs üçün əlçatandır.” – deyə nazirin müraciətində qeyd edilib.
Əbülfəs Qarayev Azərbaycan Milli İncəsənət Muzeyi (http://nationalartmuseum.az/), Azərbaycan Milli Xalça Muzeyi (http://azcarpetmuseum.az/), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi (www.musicmuseum.az/az/index.php), Azərbaycan Dövlət Teatr Muzeyi (http://teatrmuzeyi.musigi-dunya.az) və digər muzeylərin öz internet saytları və "Youtube”, "Facebook”, "İnstagram” kimi sosial şəbəkələr vasitəsilə ekspozisiya və sərgilərin virtual tur və ekskursiyalarını, dərs və mühazirələri izləyicilərə təqdim etdiyini diqqətə çatdırıb. Müxtəlif TV kanalların ayrı-ayrı muzeylərə həsr etdiyi proqramlarının videolinkləri də həmin muzeylərin "Facebook” səhifəsində, "Youtube” kanalında istifadə üçün açıq olduğunu vurğulayıb.
Həmçinin, müraciətdə bizim bir çox filmlərimizin, teatr və televiziya tamaşalarının, konsert proqramlarının lent yazılarını "Youtube” və digər internet resursları vasitəsilə izləmək imkanlarının olduğu bildirilir.
Mədəniyyət nazirinin müraciəti bu fikirlərlə yekunlaşır:
"Bir sözlə, sizləri bu günlərdə Azərbaycan mədəniyyətinin zənginliyi ilə, ədəbi-mədəni və tarixi irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olmağa dəvət edirəm.
Yaranmış mürəkkəb şəraitin reallıqları, zəruri sosial izolyasiya tədbirləri, bir tərəfdən sizlərə məhdudiyyət kimi görünsə də, digər yandan bu vəziyyəti evinizdə, ailə ortamında səmərəli mədəni aktivliyə çevirə bilərsiniz. Çünki bu günlər bəlkə də heç vaxt olmadığı qədər evinizdə, ailənizlə birlikdə olmağa vaxtınız, iş-gücdən heç cür özünüzə, yaxınlarınıza ayıra bilmədiyiniz qədər sərbəst zamanınız var. Bu zamanı səmərəli dəyərləndirməkdə mədəniyyətimiz də sizin köməyinizə gələ bilər.
Yaradıcı ruhu heç vaxt əldən verməyin. Eyni zamanda, mədəniyyət işçilərinə də müraciət edirəm ki, yaranmış şəraitdə mövcud texnoloji imkanlar, internet vasitəsilə fəaliyyətinizi davam etdirin.
Bu günlər hər birimiz özümüzün, yaxınlarımızın və bütün xalqımızın sağlamlığını düşünməli, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən edilən tövsiyələrə riayət etməliyik. Unutmayaq ki, qəbul edilən bütün qərarlar xalq, toplum olaraq hamımız üçün vacibdir. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının və cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq.
Mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı irs isə ruh və həyat qaynağımız kimi hər zaman bizimlə olub. Siz də bu günlərdə mədəni irsimizlə yaxın olun. El məsəli var: çətin günün ömrü az olar. Bu günlər də arxada qalacaq. Tezliklə sizlərlə teatr və konsert zallarında, muzey və sərgi salonlarında, kitabxana və digər mədəniyyət ocaqlarında canlı ünsiyyətdə bir araya gələcəyik.”
Müraciətin linki:https://www.facebook.com/mct.gov.az/photos/a.380224642418604/868277266946670/?type=3&theater