Xəzər Xəbər

Əli Əhmədov: "Hökumət koronavirusa, Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır"

Gündəm | 16:28 • 23 Mart 2020
Əli Əhmədov:

"Xeyli müddətdir ki, koronavirus epidemiyası dünyanı lərzəyə salıb. Səhiyyəsi və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqçıl ölkələr virusun ildırım sürəti ilə yayılmasının qarşısında, demək olar ki, aciz qalıb. Xəstəlikdən həyatını itirənlərin sayı artıq minlərlədir. Dövlətlər bütün gücü və imkanları ilə amansız virusa qarşı sözün əsl mənasında mübarizəyə başlayıb”.

Bu fikirlər Baş nazirin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov rəsmi facebook səhifəsində "İki virusa qarşı mübarizə” sərlövhəsi ilə yayımlanmış məqaləsində yer alıb.

Əli Əhmədov hökumətin qorxunc virusa qarşı apardığı tədbirlərdən bəhs edərək yazır: "Koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin də gündəliyində birinci sırada dayanır. Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində Operativ Qərargah yaradılıb, bütün dövlət strukturları virusun yayılmasının qarşısının alınmasına səfərbər edilib. Vaxtında lazımi qabaqlayıcı tədbirlər görülür, tövsiyələr verilir, səhiyyə müəssisələri ən zəruri avadanlıq və tibbi ləvazimatlarla təchiz edilir. Əhalinin virusa yoluxmaması üçün maarifləndirmə işləri aparılır. Ümumdünya səhiyyə təşkilatı ilə mütəmadi əlaqələr saxlanılır, onun tövsiyyələri səhiyyə qurumlarına və əhaliyə çatdırılır. Bir sözlə, virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür və etiraf etmək lazımdır ki, həyata keçirilən işlər sayəsində yaxşı nəticə göz önündədir.

Koronavirusa qarşı səmərəli mübarizədə, digər ölkələrin təcrübəsinin də göstərdiyi kimi, dövlətin müvafiq qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də müvafiq tövsiyyələrə intizamla əməl etməsi sayəsində lazımi nəticə əldə edilməsi mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var. Birlik və həmrəylik, bir-birinə və birlikdə dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.”

Baş nazirin müavini daha sonra qeyd edir ki, cəmiyyətin mütləq əksəriyyətinin məhz belə davranış nümayiş etdirməsi sevindirici haldır: "Lakin cüzi sayda olsa da, cəmiyyətin nümayiş etdirdiyi davranış tərzindən eybəcərcəsinə fərqlənənlər də var. İndi dünyanın hər yerində tibbi ifadələrdən daha çox istifadə olunur. Bu adətə uyğun ifadələrdən istifadə etməli olsaq, görünür nə vaxtsa, yəqin ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bəzi insanlarda mutasiya baş verməsi nəticəsində virus insanlar yaranıb. Həmin virus insanların müəyyən hissəsi indiyə qədər qalmaqdadır. Doğrudur, onlar cəmiyyətin sağlam qüvvələri tərəfindən tarixin tullantı qablarına atılıb, orada öz bəd əməllərini davam etdirməkdədirlər. Bu mənada hazırda Azərbaycanda iki virus insanları narahat edir: biri koronavirusdur, digəri isə ifrat radikalçılar, beşinci kolon kimi təzahür edən siyasi virus. Açıq etiraf etmək lazımdır ki, göstərilən virusların hər ikisi cəmiyyət üçün eyni dərəcədə təhlükəlidir, deməli hər iki virusa qarşı amansız mübarizə aparılması labüddür.”

Əli Əhmədov: "Hazırda Azərbaycanda bütün sahələrdə dərin islahatlar həyata keçirilir. İslahatlar partiya sistemlərini də əhatə edir, müxalifət-iqtidar dialoqunun inkişaf etdirilməsi istiqamətində məsləhətlər aparılır. Ölkədə mövcud olan siyasi partiyaların əksəriyyəti haqqında söhbət etdiyimiz prosesdə iştirak edir və iqtidar-müxalifət münasibətlərinin yeni konstruksiyasının yaradılmasında maraqlı olduğunu nümayiş etdirir. Məqsəd milli maraqlar uğrunda birləşmək, xalqın və dövlətin inkişafı naminə xidmətlər göstərməkdir. Lakin hamının məmnuniyyətlə faydasını etiraf etdiyi bu strategiyaya qarşı çıxan azsaylı bir qrup var. Söhbət Əli Kərimlinin ətrafında toplaşaraq ayrı-ayrı xarici antiazərbaycan qüvvələrin tapşırığı və maliyyəsi əsasında Azərbaycana qarşı siyasi və ideoloji təxribatlar törətməklə məşğul olan qruplaşmalardan gedir. Virus sağlam bədənə hücum etdiyi kimi, onlar da bütün səylərini Azərbaycana böhtan atmağa, imicini zədələməyə yönəlmiş şaiyə və yalanlar uydurmağa, insanların zehnini zəhərləməyə səfərbər etmişlər. Ölkələrin əksəriyyətində olduğu kimi, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə apardığı halda Əli Kərimli virusu Azərbaycana qarşı mübarizə aparır və bu əməllərində ən çirkin vasitələrdən belə çəkinmir. İllər boyu təkrarladığı yalanlarına indi sanki koronavirus çalarları əlavə edib. Hər cür yalanlarla, uydurma və şaiyələrlə əhalidə hökumətin koronavirus xəstəliyinin qarşısının alınması sahəsində həyata keçirdiyi, hesab edirəm ki, kifayət qədər düşünülmüş və səmərəli qabaqlayıcı tədbirlərə inamsızlıq yaratmağa çalışırlar. Onlar əvvəllər də dəfələrlə müxtəlif formalarda və məqamlarda Azərbaycan xalqına qarşı xəyanət sayıla biləcək əməlləri ilə haqlı olaraq lənətlənmiş beşinci kolon adını qazanıblar. İndiki həssas məqamda həmin siyasi virusların hərəkətləri təkcə xəyanət deyil, həm də cinayyətdir. Çünki onların təbliğatı hökumətin qabaqlayıcı tədbirlərinə insanlarda inamsızlıq yaratmağa yönəldiyindən birbaşa əhalinin sağlamlığının təhlükə altına atılması mahiyyəti daşıyır. Doğrudur, bu qədər rəzil yol seçən siyasi virus – beşinci kolon nümayəndələrinə inanan yoxdur. Lakin onların haqqında söhbət açdığımız çağırışları əsl mənada milli təhlükəsizliyə təhdid xarakteri daşıyır və bu mənada hər cür nifrətə layiqdir.”

Baş nazirin müavini Əli Əhmədov fikirlərini belə bir inamla tamamlayıb: "Azərbaycan koronavirusa qarşı apardığı mübarizədə uğur qazanacaq, xalqımız ağır sınaqdan ən az itkilərlə çıxacaq. Elə etmək lazımdır ki, bu, eyni zamanda ölkəmizin canına hopmuş siyasi virusun da sonu olsun.”

Xəbər lenti

Çox oxunanlar