Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti ABŞ-ın LosAnceles şəhərinə səfər çərçivəsində ABŞ-ın ən qədim yəhudi təşkilatı olan nüfuzlu Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles bölməsinin rəhbərliyi ilə görüşüb.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan XəzərXəbər-ə verilən məlumata görə, konsulluğun təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən AYK-nin Los-Anceles bölməsinin prezidenti Skot Edelman hər kəsi salamlayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyətini qəbul etməkdən şərəf duyduqlarını ifadə edib.
S.Edelman təmsil etdiyi təşkilat haqqında məlumat verərək, AYK-in nəinki yəhudi xalqı üçün, bütün insanlar üçün təhlükəsiz gələcək qurmaq istiqamətində çalışdıqlarını bildirib.
Daha sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın AYK ilə uğurlu əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq, Ermənistanın təcavüzü nəticəsində nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını və AYK kimi təşkilatların bu ədalətsizliyə qarşı səslərini ucaltmasının vacibliyini vurğulayıb.
Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışıb. T.Gəncəliyev bu qədər insanın əsrlər boyu yaşadıqları öz ana yurdlarından didərgin salınmasının böyük bir hüquq pozuntusu və ədalətsizlik adlandıraraq, Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlığın tezliklə aradan qaldırılmalı olduğunu dilə gətirib.
Nümayəndə heyətinin üzvləri Gülməmməd Məmmədov və Xocalı şahidi Dürdanə Ağayeva öz çıxışlarında Ermənistanın təcavüzü nəticəsində özlərinin və ailə üzvlərinin çəkdiyi iztirablardan danişaraq, öz həyat hekayələrini bölüşüblər.
Sonra AYK-in Los-Anceles üzrə regional direktoru Riçard Hirşaut çıxış edərək, natiqlərin çıxışlarından çox təsirləndiklərini bildirib və bu faktları təşkilat üzvləri ilə bölüşdükləri üçün Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti həm gün ABŞ-ın ən nüfuzlu sinaqoqlarından olan Sinay Sinaqoqunun ravvini Deyvid Uolpi və sinaqoqun rəhbərliyi ilə də görüşüb. Qeyd edək ki, D.Uolpi "Newsweek” jurnalı tərəfindən ABŞ-ın ən nüfuzlu ravvini, "Jerusalem Post” qəzeti tərəfindən isə dünyanın ən nüfuzlu 50 yəhudisindən biri adlandrılıb. D.Uolpinin rəhbərliyi altında Sinay Sinaqoqunun 50 nəfərdən ibarət nümayəndə heyəti Baş Konsulluğun təşkilatçılığı ilə 2015-ci ildə Azərbaycanda səfərdə olub.
Sözügedən görüşdə Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğalın acı nəticələri, günahsız insanların öz yurdlarından zorla çıxarılması, işğal olunmuş ərazilərimizdə tarixi, dini və mədəniyyət abidələrimizin və qəbiristanlıqların tamamilə məhv edilməsi və ya alçaldılması kimi vəhşiliklər barədə ətraflı məlumat verilib.