Oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının icra katibliyində mətbuat konfransı keçirib.
Komitə sədri məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olduğunu bildirib. Qeyd edib ki, Qobu-Park yaşayış kompleksində birinci mərhələdə 1026, ikinci mərhələdə isə 1300 ailə mənzillə təmin olunub.
Rövşən Rzayev qeyd edib ki, bu il 3700-dən çox məcburi köçkünə mənzil veriləcək. Bununla yanaşa, Şirvanda 300 ailəyə mənzil veriləcək, Beyləqanda 146 fərdi ev tikilir. Göyçayda, Göygöldə və Kürdəmirdə qəsəbə istifadəyə veriləcək. Mənzillərin paylanması üçün komissiya fəaliyyət göstərir.
Komitə sədri deyib ki, evlər ilkin olaraq ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilir. Hazırda 24 min ailə ağır şəraitdə yaşayır. Yeni mənzillərin və qəsəbələrin tikilməsi ilə əlaqədar torpaqların ayrılması üçün müraciətlər olunub.
R.Rzayev görülən əlavə tədbirlər haqqında da danışıb. Bildirib ki, Səhiyyə Nazirliyi ilə birlikdə müayinələr keçirilib. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə əmək yarmarkaları təşkil edilib.