Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 20-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə təbriklərini çatdıran Baş Nazir Novruz Məmmədov Azərbaycanın Çin ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək deyib: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin ilə əlaqələrimizin inkişafı istiqamətində önəmli addımlar atıb. Bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri dinamik inkişaf edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə beş dəfə səfər etdiyini xatırladan Novruz Məmmədov bildirib ki, bu səfərlər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmi şəxslərlə səmərəli görüşlər keçirilib, ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb. "Hesab edirəm ki, son vaxtlar ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri daha dinamik şəkildə inkişaf etdirilir. Sədr Si Cinpinin təşəbbüsü ilə irəli sürülən "Bir kəmər, bir yol” layihəsi ölkəmiz üçün çox cəlbedicidir. Tarixi İpək yolunun bərpası Azərbaycan üçün hər zaman aktualdır. Biz hesab edirik ki, bu yol tarixən Azərbaycan və Çin xalqlarını birləşdirən yol olub. Əminəm ki, "Bir kəmər, bir yol” layihəsi də uğurla icra olunacaq. Azərbaycan "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə müəyyən addımlar atır”, - deyə Novruz Məmmədov vurğulayıb.
Azərbaycanın Baş Naziri ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verərək strateji əhəmiyyətli layihə hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verildiyini qeyd edib. Novruz Məmmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Baş Nazir Azərbaycanın Çin ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirərək deyib ki, sənaye, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək üçün yaxşı imkanlar mövcuddur.
Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə Çin Xalq Respublikasına minnətdarlığını ifadə edib. Azərbaycanın da "Vahid Çin” prinsipinə hər zaman dəstək verdiyini söyləyib.
Ölkələrimiz arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildirən Li Canşu Çinin Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişlənməsinə böyük əhəmiyyət verdiyini ifadə edib. "Bu gün Azərbaycan ilə Çin arasında mövcud olan əməkdaşlıq əlaqələri belə deməyə əsas verir ki, biz dost ölkələr kimi daim bir-birimizə etibar edə bilərik”.
Li Canşu son illər Çin ilə Azərbaycan arasındakı münasibətlərin daha da intensiv xarakter aldığını qeyd edərək qarşılıqlı səfərlərin, aparılan danışıqların əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.