"The Economist Intelligence Unit” analitik mərkəzi ilə "The Economist” dərgisinin birgə hazırladığı hesabatda Bakı şəhəri "Təhlükəsiz Şəhərlər İndeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır.
Hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək, 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla 4 göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib.
Dünyada urbanizasiyanın səviyyəsi get-gedə yüksəlməkdədir. Araşdırmalara görə hazırda 56% təşkil edən urbanizasiyanın 2050-ci ilə qədər 68%-ə çatacağı gözlənilir. Şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Respublikamızda aparılan islahatlar, müəyyən edilmiş yol xəritələrində də bu proseslərin nəzarət altında saxlanıldığını müşahidə edə bilərik. Azərbaycanda urbanizasiyanın səviyyəsi 53% təşkil edir. 2019-cu ilin yanvar ayının statistikasına əsasən Bakı şəhərinin əhalisinin sayı 2 milyon 277 min nəfər təşkil edir.
BMT-nin hesablamalarına görə, dünyada əhalisi 150 min nəfərdən çox olan 4416 şəhər var. Bunlardan yalnız 60 şəhər "Təhlükəsiz Şəhərlər İndeksi 2019”da (Safe Cities Index) qiymətləndirilib. Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə qalxıb. Bu da Bakının bir şəhər kimi dünyanın mühüm siyasi, iqtisadi, mədəni, tarixi və idman mərkəzlərindən biri olduğunu göstərir. (Trend)