Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.
Səfir Sivienqpxet Pxetvorasak fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Sivienqpxet Pxetvorasak etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlıq üçün konkret sahələrin müəyyənləşdirilməsinin önəmini vurğuladı. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bu səfərlər zamanı əlaqələrimizin daha da inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi.
Səfir Sivienqpxet Pxetvorasak Laos rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Sivienqpxet Pxetvorasak əlaqələrimizin inkişafına Azərbaycan tərəfinin verdiyi dəstəyi Laos hökuməti və xalqının yüksək qiymətləndirdiklərini dedi. Sivienqpxet Pxetvorasak öz növbəsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına töhfə verdiyini qeyd etdi. Səfir ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini dedi və yaxşı ənənələrə əsaslanan əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əmin olduğunu bildirdi.
Dövlətimizin başçısı Laos rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Laos rəhbərliyinə çatdırmağı xahiş etdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.