Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, on yeddi min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Orta Qəsil–Şordəhnə–Qarağan Şıxlar–Kükəl–Ərəb–İkinci Aral avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,7 milyon (on səkkiz milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.