Bizim büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur.
Bu sözləri Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirib.
Dövlətimizin başçısı deyib: "Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik. İnflyasiya qeyd etdiyim kimi, 2,5 faizdir. Bu, yaxşı göstəricidir. Manatın məzənnəsi də sabitdir”.