Azərbaycanda 2005-ci ildən sonra heyvanlar arasında "qara yara" xəstəliyinə yoluxma və ölüm halları qeydə alınmayıb.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda heyvanlar arasında "qara yara", eləcə də digər ciddi yoluxucu xəstəliklərlə bağlı epidemioloji vəziyyət sabitdir.
"Qara yara" xəstəliyinin törədicilərinin torpaqda yüz illərlə yaşaya bildiyini deyən Y.Xanvəli əlavə edib ki, heyvanların bu infeksiyaya, eləcə də ciddi yoluxucu xəstəliklərə yoluxmasının qarşısını almaq üçün mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.
Y.Xanvəli qeyd edib ki, yalnız bu ilin ilk 6 ayı ərzində 2 530 204 baş iribuynuzlu, 7 185 984 baş xırdabuynuzlu, 81 363 baş təkdırnaqlı heyvan, 4105 baş donuz, 320 baş dəvə "qara yara"ya görə peyvənd edilib.
Xatırladaq ki, Sabirabadda iki nəfərdə "qara yara" xəstəliyi aşkarlanıb, onlardan biri dünyasını dəyişib.
2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə isə 7 nəfərdə bu xəstəliyə yoluxma qeydə alınıb. Bu günə qədər xəstəliyə yoluxma ölümlə nəticələnməyib.