Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransa Prezidentinin Fərmanı ilə "Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş Nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer təqdim edib.
Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.
Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Brüno Lö Mer ölkəsinin Novruz Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb. N.Məmmədov isə, öz növbəsində, bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, "Şərəf Legionu” ordeni 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.