Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə Tomas Oppermann Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və dövlət başçısı ilə maraqlı müzakirələrin aparıldığını bildirib.
Tərəflər Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlərdən danışaraq, siyasi, iqtisadi, mədəni və s. sahələrdə mövcud olan əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirilmiş son görüşlərlə bağlı, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş son qanlı təxribat əməlləri haqqında həmsöhbətini geniş məlumatlandırıb. Bölgədə sülh, təhlükəsizlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq tanınmış sərhədlərə hörmət edilməsinin və işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Öz növbəsində Tomas Oppermann bölgədə rifah və tərəqqinin vacibliyini qeyd edərək, vəziyyəti gərginləşdirəcək bəyanat və əməllərin gərəksiz olduğunu bildirib.
Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər haqqında geniş fikir mübadiləsi aparıblar.