XX əsr Azərbaycan xalqının tarixində və həyatında həm şanlı qəhrəmanlıq səhifələri ilə, həm də qanlı izlərlə qaldı.
XX əsrin şanlı səhifələrindən biri və birincisi, heç şübhəsiz, müsəlman Şərqində ilk müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) və ya Azərbaycan Demokratik Resublikasının (ADR) yaradılması idi.
Çox təəssüflər olsun ki, məmləkətimiz XVIII əsrin sonları – XIX əsrin əvvəllərində xanlıqlara bölündü, parçalandı və bununla da həm şimaldan, həm cənubdan onu udmaq, qapmaq, əzmək, içində əritmək üçün fürsət gözləyənlərə "əla” şans verildi, 1813 və 1828-ci illərdə Azərbaycan xalqının başı üzərindən, onun razılığı olmadan Çar Rusiyası ilə Şah İranı Azərbaycanı ikiyə ayırdı, biri Şimali, biri Cənubi Azərbaycanı ilhaq etdi.
Bununla da Azərbaycan xalqının tarixində ən faciəli, ən qaranlıq, ən zülmət günlərin əsası, başlanğıcı qoyuldu.
Amma Azərbaycan xalqının qabaqcıl, ziyalı, vətənpərvər, maarifpərvər övladları Azərbaycanın işğalı faktı ilə barışmadılar, açıq və gizli şəkildə mübarizə apardılar, dirəniş göstərdilər.
Və XX əsrin əvvəllərində – 1918-ci ilin 28 May günü böyük öndər Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, milli vətənpərvər və maarifçi övladların, oğulların sayəsində Azərbaycan (Şimali Azərbaycan) öz müstəqilliyini elan etdi.
Cümhuriyyət qurucularımızın, qurucu, istiqlalçı babalarımızın sayəsində həmin gün dünyaya yeni – Azərbaycan adlı günəş doğdu, müsəlman Şərqində ilk hürr, müstəqil Azərbaycanın əsası, bünövrəsi qoyuldu...
Bu, özü ilə bərabər bir çox ilklərin əsasını qoydu, davamını gətirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra müsəlman aləmində ilk müstəqil ordunun formalaşdırılmasına başlanıldı, 26 iyun 1918-ci il ilk müstəqil Azərbaycan ordusunun yaranması günü kimi həm Azərbaycanın özünün, həm də müsəlman Şərqinin tarixinə qızıl hərflərlə həkk olundu.
İlk müstəqil-demokratik parlamentin formalaşdırılması, parlamentarizmin əsası məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə baş verdi.
1918-ci ilin dekabrın 7-də müsəlman Şərqində ilk parlamentin –Azərbaycan Parlamentinin yaranması günü kimi tarixə düşdü. Çox əlamətdar və qürurverici hal odur ki, bir çox qabaqcıl, inkişaf etmiş, demokratiyanın beşiyi və mərkəzlərindən sayılan Avropa, Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan dövləti, Azərbaycan Parlamenti qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkələrdən biri oldu...
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu coğrafiyada, şərq-müsəlman aləmində ilk dünyəvi ali təhsil ocağının – Bakı Dövlət Universitetinin (BDU) əsası qoyuldu və bu ilin sentyabrında bu elm-təhsil məbədinin 100 yaşı tamam olur.
İlklərin sayını bir qədər də artırmaq olar, ancaq bunlar o dövrün mənzərəsini, yaşantılarını təsvir etmək, göz önündə canlandırmaq üçün hər halda yetərli sayıla bilər.
Çox təəssüflər olsun ki, bu müstəqil dövlətin, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun çəkmədi, cəmi 23 ay oldu.
Azərbaycanın müstəqilliyini, inkişafını istəməyən, həzm edə bilməyən qüvvələr, Çar Rusiyasından mahiyyətcə fərqlənməyən və ondan daha qəddar olan bolşeviklər Rusiyası, həmçinin, onun bu regiondakı vassalları, buyruq qulları olan erməni daşnakları və yerli satqın, xəyanətkar qüvvələrin – həmid sultanovların, əliheydər qarayevlərin, ayna sultanovaların, çingiz ildırımların, qəzənfər musabəyovların əli ilə ilk müstəqil cümhuriyyətin varlığına son qoyuldu.
28 Maydan başlanan şərəfli, şanlı və qürurlu yol 28 apreldə dayandı, yarımçıq qaldı, Azərbaycan adlı günəş qaranlığa, zülmətə qərq edildi. Amma bu yol, bu tarix öz şərəfi, öz əzəməti və möhtəşəmliyi ilə yaddaşlarda, hafizələrdə, qəlblərin ən dərin guşələrində iz buraxdı, taxt ucaltdı.
Azərbaycan xalqının, Azərbaycan türklərinin 28 May azadlıq yanğısını söndürmək kimsəyə qismət olmadı.
Bu azadlıq yanğısı, azadlıq eşqi 1988-ci ilin Qarabağ hadisələri ilə ikinci milli azadlıq mübarizəsinin, istiqlal savaşının başlanmasına təkan verdi və 1991-ci ilin avqustun 30-da XX əsrdə Azərbaycan tarixində ikinci müstəqil cümhuriyyətin bünövrəsi qoyuldu, Azərbaycan Ali Sovetinin qəbul etdiyi Müstəqillik Bəyannaməsi ilə 71 ildən sonra dünya ikinci müstəqil Azərbaycana şahidlik etdi.
Böyük öndərimizin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz və enmədi...
101 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin 28 yaşlı ikinci müstəqil Azərbaycan adlı övladı bu gün nəinki yerləşdiyi regionun, dünyanın əsas söz və nüfuz sahiblərindən biri kimi hər gün imzalar içində imzasını tanıtdırmaqdadır.
Yaşasın 101 yaşlı Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyət qurucuları, yaşasın 28 yaşlı ikinci müstəqil Azərbaycan dövləti!