Xəzər Xəbər

Prezident: İqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və islahatlar artıq nəticə gətirir

Gündəm | 18:25 • 27 May 2019
Prezident: İqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və islahatlar artıq nəticə gətirir

Biz son 16 ildə iqtisadi inkişafa nail olduq və bir çox iqtisadi məsələlər öz həllini tapdı. Ölkəmizə böyük həcmdə sərmayə gətirildi. Qoyulan 260 milyard dollardan çox vəsait bu gün ölkəmizin, xalqımızın inkişafına xidmət göstərir. Həm neft, həm qeyri-neft sektoruna qoyulan vəsait ölkəmizin iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilib.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.


Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparırıq. Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir”.


Büdcə daxilolmalarının artdığını deyən Prezident İlham Əliyev bildirib: "İqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artıb. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə, sosial sahədə bu artım özünü göstərsin”.

Xəbər lenti