"Qida təhlükəsizliyi problemi bəşəriyyətin üzləşdiyi elə problemlərdəndir ki, onun kəskinliyi getdikcə daha da artacaq. Eyni zamanda bu problemin həll olunması üçün səylər bundan sonra daha da artacaq".
XəzərXəbər xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar hər bir ölkə öz strategiyasını müəyyənləşdirib həyata keçirmək haqqında düşünməlidir: "Bu gün Azərbaycan ən çox islahat aparan ölkələrdən biridir. Bu islahatlardan biri də qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi, standartlara uyğunlaşdırılması, insanların sağlam qida ilə təmininə töhfə verilməsi, ixrac potensialının əhəmiyyətli bir hissəsini təşkil edən kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixrac edilməsidir".
Ə.Əhmədov qeyd edib ki, ölkənin malik olduğu resurslar insanların layiqli və sağlam qida ilə təmin edilməsinə kömək edir: "Azərbaycan əhalisinin sayı ötən illər ərzində 2 milyon artaraq 10 milyona çatıb. Lakin əhali sayı artsa da, ərazisi artmır. Əksinə, ərazimizin 20 %-i işğal altındadır. Bu torpaqlar kifayət qədər münbit olsa da, Azərbaycan onlardan istifadə edə bilmir. Ona görə də Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı torpaq potensialı 20 faiz azalıb".
O əlavə edib ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı çox ciddi konsepsiyanın işlənməsinə ehtiyac var: "Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü və səmərəli siyasət nəticəsində bu problem Azərbaycanda köklü şəkildə həll edilib. Ölkə üçün bu problem mövcud deyil. Təbii ki, növbəti mərhələ olaraq, insanların keyfiyyətli qida ilə təmin edilməsi ilə bağlı düzgün strategiya hazırlanıb".
"Bu gün Azərbaycan öz daxili istehsalı ilə insanları daha sağlam qida ilə təmin etmək imkanlarına malikdir. Amma o da nəzərə alınmalıdır ki, Azərbaycan müasir dünyanın bir parçasıdır. Ölkələr arasında genişlənməkdə olan ticarət əlaqələri nəticəsində Azərbaycanın daxili bazarına çox müxtəlif ölkələrdən qida məhsulları gətirilir.
Qida təhlükəsizliyi problemi təkcə daxili istehsalla bağlı olan problem kimi qalmır, eyni zamanda, ölkəyə gətirilən qida məhsullarının nə qədər təhlükəsiz olduğunu ciddi şəkildə təmin etmək kimi vacib problemi də ortaya qoyur.
Bu mənada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin üzərinə çox ciddi öhdəliklər düşür. İnanırıq ki, Azərbaycan həm daxili istehsal nəticəsində, həm də ölkəyə kənardan gələn məhsulların daha ciddi standartlara uyğun şəkildə daxil olması normalarını müəyyənləşdirmək əsasında vətəndaşların təhlükəsiz, sağlam qida ilə təmin edilməsinə öz töhfəsini verəcək. İnsanlarımız bu baxımdan hər hansı nigarançılıq yaşamağa məcbur olmayacaqlar. İnsanlar arasında qidaların standartlara nə dərəcədə uyğun olması, başqa ölkələrdən gətirilən qidaların nə dərəcədə sağlam olması ilə bağlı müxtəlif fikirlər dolaşır.
Qida təhlükəsizliyi ilə bağlı insanların daha ətraflı şəkildə məlumatlandırılması, müzakirələrin aparılması bu məsələlərə aydınlıq gətirə bilər"- deyə Baş nazirin müavini bildirib.