Bakıda və Abşeron yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.
Qeyd olunub ki, hava şəraitini azqradiyentli, nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir.
Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.
ETSN bildirir ki, dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb.