Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyməyib.
Bu barədə həmin rayonlarda bu il fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqində bildirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov söyləyib ki, İsmayıllı tarixi abidələrlə zəngin yerdir, buna baxmayaraq, baş verən zəlzələdə tarixi abidələrə ziyan dəyməyib: "Tarixi abidələr o qədər yaxşı tikilib ki, zəlzələ zamanı heç bir daş da qopmayıb. Tarixi abidələrə dövlət səviyyəsində diqqət var, onların qorunması istiqamətində tədbirlər görülür".
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov zəlzələ zamanı rayondakı tarixi abidələrə ziyan dəymədiyini deyib: "Tarixi abidələr çox keyfiyyətli tikilib. Azərbaycan dövləti tarixi abidələrin qorunmasına xüsusi diqqət yetirir".
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də zəlzələ zamanı tarixi abidələrin zərər görmədiyini bildirib./publika.az