Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 7-dən 14-dək Strasburqda səfərdə olacaqlar.
Parlamentin mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri, BMT-nin "2030-cu il davamlı inkişaf” proqramı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının demokratiya, qanun və fundamental hüquqlar üzrə formalaşdırılması, siyasi liderlərin rolları və cavabdehlikləri, Assambleyanın prosedur qaydalarının dəyişdirilməsi, Mərakeş parlamenti ilə demokratiya çərçivəsində əməkdaşlıq, cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlar, sosial media: ictimai mövzular və insan hüquqları üçün təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir də keçiriləcək.
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.