Əmlak Məsələləri Dövlət Komitəsi özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır. Yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcək.
XəzərXəbər xəbər verir ki, ölkə başçısının tapşırığına əsasən, istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılıb və davam etdirilir.
Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir.
Komitənin yaydığı məlumata görə, bununla bağlı "kütləvi çıxarış”, "əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.
Lakin qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşlar tərəfindənkənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və çətinliklər yaranır.
Digər tərəfdən, vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq, əmlaklarının qeydiyyata alması ilə bağlı müraciət etmirlər.
Xatırladaq ki, Bakı və ətraf kəndlərində özbaşına, sənədsiz inşa edilən fərdi evlərin sənədləşdirilməsi məsələsi 2011-ci ildə də gündəmə gəlmişdi.
Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırıqdan sonra bütün bu evlər barədə məlumatlar toplanıb, icra hakimiyyətinətəhvil verilsə də, bu məsələdə elə bir yenilik olmadı.