Atmosfer havasını çirkləndirdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşları tərəfindən iki ay əvvəl "Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-ə cərimə sanksiyası tətbiq edilib. Zavodun ekoloji tələblərə cavab verməyən fəaliyyəti barədə ətrafda yaşayan sakinlər yenidən nazirliyə şikayət edib. Nazirliyin əməkdaşları müəssisənin yerləşdiyi Sabunçu rayonu, Anaşkin küçəsi ərazisində növbəti monitorinq və araşdırma aparıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, nəticələrə əsasən atmosfer havasına atılan zərərli maddələrin müəyyən edilmiş qatılıq həddini keçdiyi, ekoloji normativ sənədlərin olmadığı, qaz-toztutucu qurğuların quraşdırılmadığı və bu ilin iyulunda ETSN tərəfindən verilən "məcburi göstəriş”in tələblərinə riayət olunmadığı aşkar edilib.
Faktla bağlı "Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC barəsində akt və hüquqi şəxs qismində protokol tərtib edilib. Müəssisə barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Sabunçu rayon məhkəməsinə göndərilib.
Xatırladaq ki, nazirliyin əməkdaşları bu ilin iyulunda "Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC-nin şüşə-boru sexinin ətraf ərazilərində monitorinq apararaq atmosfer havasına atılan zərərli maddələrin sanitar norma həddini keçdiyi müəyyən edib. Zavodun icraçı direktoru İsgəndər Əliyev inzibati qaydada 2500 manat məbləğində cərimə olunmuş və çatışmazlıqların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.