Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya
Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə
səfər edəcək.
QMİ-dən XəzərXəbər-ə verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz
Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli
mərasimdə iştirak etməkdir. Yaradılmasının 20 illiyi tamam olan
Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə sentyabrın 15-də Çerkessk şəhərində təntənəli toplantı keçiriləcək.
Qeyd edək ki, Mərkəz 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib.
QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.
Əlaqələndirmə
Mərkəzinin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə təsisçi və
təşkilatçı qurumun rəhbəri olaraq Şeyxülislam A.Paşazadənin məruzəsində
Mərkəzin tarixinə, fəaliyyət uğurlarına dair məqamlarla yanaşı,
Azərbaycan-Rusiya mənəvi əlaqələrinin qorunub saxlanılması, inkişaf
etdirilməsinə verilən töhfələr, habelə Azərbaycan dövlətinin, onun
liderinin bölgəmiz və dünya üçün əhəmiyyətli təşəbbüs və ideyalarının
önəmi vurğulanacaq.
Təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti Administrasiyasının məsul rəsmiləri, Rusiya Federasiyasının Şimali Qafqaz
subyekti olan respublikalarının rəhbərlərinin, Rusiya Federasiyasının
digər respublikalarının dini liderlərinin, habelə Türkiyə
Cümhuriyyətinin Diyanət İşləri Başkanının müavininin qonaq qismində
qatılacağı nəzərdə tutulub.
Qeyd edək ki, Əlaqələndirmə
Mərkəzinin üzvləri Azərbaycanda keçirilən dinlərarası dialoqa dair bütün
mühüm tədbirlərdə yaxından iştirak edib və dəfələrlə dövlətimizin
başçısı tərəfindən qəbul olunublar. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində Bakıda, Rusiya Federasiyasında, habelə Türkiyə, Özbəkistan və digər ölkələrdə keçirilən tədbirlərin fəal iştirakçıları olublar.