Yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) prorektorlar təyin edilib.
İnstitutdan XəzərXəbər-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
əmri ilə dosent Mübariz Camalov Aİİ-nin Tədris işləri, ilahiyyat üzrə
fəlsəfə doktoru Aqil Şirinov isə Aİİ-nin Elm və innovasiyalar üzrə
prorektor vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, dosent Mübariz Camalov 1976-cı ildə Cəbrayıl rayonunda anadan olub, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur. O, bu təyinata qədər BDU-nun İslam elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. İslam hüququ sahəsində çox sayda tədqiqat əsərlərinin müəllifi olan M.Camalov ingilis, ərəb və türk dillərini bilir.
Aqil Şirinov isə 1979-cu ildə Kəlbəcər
rayonunda anadan olub, BDU-nun İlahiyyat fakültəsini bitirib, İlahiyyat
üzrə fəlsəfə doktorudur. A.Şirinov yeni təyinata qədər BDU-nun İslam elmləri kafedrasının baş müəllimi vəzifəsində çalışıb. Fəlsəfə və İslam məzhəbləri tarixi sahəsində çox sayda kitab və məqalə müəllifi olan A.Şirinov ingilis, ərəb, türk və rus dillərini bilir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Prezidenti İlham Əliyevin
9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun
yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə
söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin
qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin
təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin
hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı
mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə,
sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s.
sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif
ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən
faydalanılması nəzərdə tutulub. İlk tədris ilinə başlayan institutun
açılış mərasimi sentyabrın 17-si saat 09.00- da keçiriləcək.