Xəzər Xəbər

2018-ci ilin dövlət büdcəsinin elm, təhsil və səhiyyə xərcləri

Gündəm | 14:08 • 20 Oktyabr 2017
2018-ci ilin dövlət büdcəsinin elm, təhsil və səhiyyə xərcləri

2018-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək.

XəzərXəbər-in xəbərinə görə, bu bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

Belə ki, səhiyyə üçün ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsində aid edilən digər xidmətlər üzrə xərclərə, 11, 7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

2018-ci ilin dövlət büdcəsi layihəsində "Səhiyyə” bölməsi xərcləri üzrə Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması üçün 10,6 milyon manat vəsait nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsindən təhsil xərclərinə isə 2001,5 milyon manat vəsait ayrılıb. Bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur. Qeyd olunub ki, təhsil xərcləri üçün ayrılmış vəsaitin 1082,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin, 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə yönəldiləcək.

2018-ci ilin dövlət büdcəsindən elm sahəsinə ayrılan vəsaitin həcmi də açıqlanıb. Belə ki, növbəti il elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub.

Prezident yanında Elmin İnkişafı Fondunda 2017-ci ildə maliyyə ekspertizasından keçirilmiş yeni qrant layihələrinin 2018-ci ildə fond tərəfindən maliyyələşdirilməsinə tələb olunan əlavə 3, 5 milyon manat vəsait növbəti ilin dövlət büdcəsində proqnozlaşdırılıb.

Xəbər lenti

Çox oxunanlar